RUSİYA

Deputat Rusiyadakı təbii fəlakətlərin "əsl" səbəbini tapıb

Onun fikrincə, Sibirdə yanğınların və Moskvada fırtına və leysanın baş verməsi bununla bağlıdır
Sputnik

BAKI, 10 avqust — Sputnik. Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov ölkəsinə qarşı iqlim silahının tətbiq olunduğunu iddia edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Juravlyov yerli telekanalların birinin efirində danışarkən Rusiyada uzun müddətdir ki, müşahidə olunan pis havanın ölkəyə qarşı iqlim silahının tətbiq edilməsi ilə əlaqələndirib.

Onun fikrincə, Sibirdə yanğınların və Moskvada fırtına və leysanın baş verməsi bununla bağlıdır.

Deputat əlavə edib ki, Rusiya yüzilliklər ərzində ilk dəfə olaraq silahlanma sahəsində üstünlük əldə edə bilib: qərb ölkələrinin səsdən sürətli uça bilən raketi yoxdur və bu ölkələr "bilmirlər nə etsinlər".

"Düşünürəm ki, (onlar – red.) iqlim silahını sınaqdan keçirirlər. Belə bir yay ola bilməz... Bizdə həm yanğınlar, həm də Moskvada leysanlar baş verir. Deməli, Vaşinqtonun "vilayət partiya komitəsi" işləyir. Düşünürəm ki, bu ciddi məsələdir və buna düzgün yanaşmaq lazımdır", - Juravlyov deyib.

O, həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyini paytaxt sakinlərini yaxınlaşan güclü küləklə bağlı xəbərdar etdiyinə görə tərifləyib.