BAKI, 9 avqust — Sputnik. Türkiyədə ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalan bəyan edib ki, silahlı münaqişəni dayandırmağa hazırdır. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Öcalanın maraqlarını qoruyan "Asrın" vəkillik kontorunun yaydığı bəyanatda bildirilir.
Öcalan eyni zamanda Türkiyə rəhbərliyini də kürd məsələsinin həllinə çağırıb: "Gəlin kürd məsələsini birgə həll edək. Bir həftə ərzində silahlı münaqişəni bitirə bilərik. Mən bunu həll edə bilərəm, mən buna inanıram. Mən nizamlanmaya hazıram. Lakin dövlət də ondan asılı olanı etməlidir", - deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, 1999-cu ildən terrorizmdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum olunan Abdullah Öcalan Mərmərə dənizindəki İmralı adasında saxlanılır. 2012-ci ildə Türkiyə rəhbərliyi onunla münaqişənin nizamlanması üzrə danışıqlara başlayıb, lakin 2015-ci ildə Türkiyə rəhbərliyi və kürd yaraqlıları arasında münaqişə yenidən alovlanıb.