CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ərəblərin qaldığı evə basqınla bağlı polisdən açıqlama

Dəymiş maddi ziyanın ödənilməsi təmin edilib
Sputnik

BAKI, 9 avqust — Sputnik. Bakıda ərəblərin kirayə yaşadığı evə basqınla bağlı xəbərə Bakı şəhər Baş Polis İdarəsindən aydınlıq gətirilib. 

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, paytaxtın Səbail rayonunun Üzeyir Hacıbəyov küçəsində avqustun 5-də gecə saatlarında Səudiyyə vətəndaşlarına qarşı quldurluq əməli törətməkdə şübhəli bilinənlər – Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü V.Abbasov, Kürdəmir sakinləri – Ş.Abdullayev, 1996-cı il təvəllüdlü A.Qəmbərova, Biləsuvar rayon sakini E.Ağakərimov DİN-in Baş Cinayət Axtarış İdarəsi, Növbətçi Hissə, Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ CAİ, Səbail RPİ CAŞ və 39-cu PB əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil veriliblər. 

Polis Bakıda "qızı döyən ərəblə" bağlı məsələni araşdırıb

"Səbail RPİ İstintaq şöbəsində şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, istintaq tədbirləri ilə quldurluq yolu ilə talanan 1700 manat pul və 5 ədəd mobil telefon müəyyən olunaraq sahiblərinə qaytarılmaqla, dəymiş maddi ziyanın ödənilməsi təmin edilib. Diqqətə çatdıraq ki, qeyri-aşkar şəraitdə törədilən ictimai təhlükəli əməlin polis tərəfindən aşkarlanmaması üçün bütün mümkün variantlardan istifadə edən cinayətkar qrup "isti izlərlə" yaxalanaraq, onların əməlləri tam sübuta yetirilib. Şübhəli şəxslərdən, ictimai təhlükəli əməlin istintaqla təşkilatçısı sübuta yetirilən Ş.Abdullayevin həyat yoldaşı A.Qəmbərovanın himayəsində azyaşlı uşaq və hamilə olması səbəbindən həbs-qəti imkan tədbiri polisin nəzarəti altına verilmə ilə əvəz olunub. Digər şəxslər barəsində cinayət işi üzrə əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir, onların barəsində həbs-qəti imkan tədbiri seçilib. Onların digər ictimai təhlükəli əməllərdə əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir".