CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirkətlər gözlənilən addımı atırlar - Mədəmizə xeyirdir, cibimizə ziyan

Təəssüf ki, Azərbaycan iqtisadiyyatı plastik qabların şüşə ilə əvəz edilməsindən fayda götürə bilməyəcək
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. “Coca-Cola” və “Pepsi” şirkətləri Plastik Qablar Assosiasiyasından çıxmağa hazırlaşır. Bu ilin sonunda hər iki şirkətin assosiasiyadakı üzvlüyünə xitam veriləcək. Belə ehtimal olunur ki, dünyaca məşhur iki brendin assosiasiyadan uzaqlaşması digər şirkətlərin də bənzər addımlar atmasına səbəb olacaq.

Bundan sonra isə hər iki şirkətin birinci addımı istehlak edilən plastik su qablarının təkrar emalı olacaq. Şirkətlər tərəfindən birgə yayılan məlumatda o da qeyd olunur ki, bir müddətdən sonra onlar bu plastik qabların tamamilə üyüdülməsi üçün yeni stansiyalar yaradacaqlar. 

Assosiasiyadan uzaqlaşmalarının səbəblərini isə “Coca-Cola” və “Pepsi” onların siyasətlərinin bir-birinə uyğun olmaması ilə izah ediblər. Onlar hədəflərinin assosiasiyanın siyasətindən tamamilə fərqli olduğunu vurğulayıblar.

Bildiriblər ki, yeni istehsal üçün onlar plastik qablara alternativ olaraq aliminum materiallara üstünlük verəcəklər.  Bunun səbəbini isə aliminium materiallı qabların daha asan emal olunması ilə izah ediblər.

Maraqlıdır, bütün bu amillər plastik qablarda satılan içkilərin qiymətinə necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında ümumi durumu qiymətləndirib: “Bu gün dünyada plastik qablardan imtina ilə bağlı ciddi kampaniya gedir. Artıq bir çox Avropa ölkələri bununla bağlı addımlar atıblar. 2025-ci ildən sonra Avropa Birliyinə üzv olan bir sıra ölkələr könüllü sürətdə plastik qabların istifadəsindən tamamilə imtina edəcəklərini bəyan ediblər. 2030-cu ildən sonra isə bu qablar ümumiyyətlə qadağan olunacaq. Burada məqsəd ekoloji sağlamlığı qorumaqdır. Artıq qonşu Gürcüstan və Türkiyədə də bununla bağlı müəyyən addımlar atılır".

"Əslində, bunadək Azərbaycanda plastik qabların yerli istehsalını təşkil etmək mümkün idi. Çünki plastik qablaşdırmalar neft məshuludur. Buna görə Azərbaycan hətta ixracatçı da ola bilərdi. Lakin indi belə bir addımın atılması artıq gecikmiş hesab edilə bilər. Düşünürəm ki, bundan sonra belə addımın atılmasına ehtiyac olmayacaq", - deyə iqtisadçı əlavə edib.

“İkinci həyat” – gənc rəssam plastik tullantılardan rəsm əsərləri yaradır

O bildirib ki, Azərbaycanda bu cür qabların təkrar istehsalı ilə bağlı nəsə düşünməyə dəyər: "Çünki belə qabların təkrar istehsalı üçün kifayət qədər material var. Bu amil isə Azərbaycanın plastik qab idxalında asılılığını azalda bilər. Amma son üç ilə nəzər yetirsək, idxalda o qədər də ciddi artım nəzərə çarpmır".

Qiymətlərə gəlincə isə, iqtisadçı o qədər də gözəçarpacaq bir fərqin olmayacağını proqnozlaşdırıb: "İki şirkət tərəfindən belə bir addımın atılmasının qiymətlərə təsirini də danmaq olmaz. Çünki qablaşmanın ümumi qiymətlərə 2-3 faiz təsiretmə imkanı var".