Bayram atəşfəşanlığını ləğv edirlər - çox səs salır

Fişəngləri divarlarda videoproyeksiya ilə əvəz edəcəklər
Sputnik

BAKI, 8 avqust — Sputnik. Praqa Magistratı son iclasında ənənəvi Yeni il atəşfəşanlığını ləğv edib.

RİA-Novosti bildirir ki, bu qərar atəşfəşanlığın yaratdığı səs-küyün ev heyvanlarının, eləcə də uşaqların və ahılların psixikasına mənfi təsir göstərməsi ilə izah olunub.

Şəhər rəhbərliyinin nümayəndəsi Yirji Pospişil jurnalistlərə deyib ki, fişəngləri divarlarda videoproyeksiya ilə əvəz edəcəklər. 

"Yeni il atəşfəşanlığı çoxları üçün maraqlı, baxımlı əyləncədir. Ancaq heç də şəhərin bütün sakinləri bu fikirdə deyil. Biz xüsusilə körpələrin, yaşlı insanların, ev heyvanlarının psixikasını nəzərə almalıyıq. Çünki bəzən atəşfəşanlığın səsi onlara mənfi təsir göstərə bilər", - Pospişil deyib.

Yeni il atəşfəşanlığı Praqada ənənəvi olaraq yanvarın 1-də olurdu. Axırıncı dəfə bu tədbir 1,7 milyon krona (74 min dollar) başa gəlib. Təxmin edilir ki, Yeni il videoproyeksiyalarının ümumi məbləği 2 milyon kron (87 min dollar) olacaq.

Pospişilin sözlərinə görə, yaxın günlərdə bayram videoproyeksiyasının keçirilməsi üçün müsabiqə elan ediləcək, onun nəticələrinə görə isə şəhər hakimiyyəti təşkilati məsələlərin təfərrüatlarını açıqlayacaq.