CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda paradoks - dirəyi basdırır, işığı yandırmağa səlahiyyəti çatmır

"Yolun kənarında quraşdırılan işıq dirəkləri həmin rayon üzrə icra hakimiyyətlərinin cavabdehliyindədir"
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi, təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Qeyd edək ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

İşıq üzünə həsrət qalanlar qaranlığa görə pul ödəyirlər

Bakının bir çox rayonlarında gecə saatlarında küçələr işıqlandırılmır. Hətta mütəxəssislər qəzaların baş vermə səbəblərindən biri kimi küçələrin işıqlandırılmamasını göstərirlər.

Bakı küçələrində işıq dirəklərinin yerləşdirilməsi bilavasitə Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin (AAYDA) səlahiyyətindədir.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, yolların əsaslı təmiri müəyyən edilmiş layihə əsasında həyata keçirilir. Layihədə həmin yollarda işıqlandırma sisteminin quraşdırılması nəzərdə tutulursa, bu, icra olunur. Əks təqdirdə isə sistem quraşdırılmır. Dirəklər quraşdırıldıqdan sonra istismar olunmaq üçün aidiyyatı üzrə təhvil verilir.

"Agentlik sırf Bakıda yolun hərəkət hissəsinin işıqlandırılmasına cavabdehdir. Mövcud qanunvericiliyə uyğun olaraq, AAYDA yolun kənarları, səki hissələri, orada yerləşən işıq dirəkləri və digər əhəmiyyətli kommunikasiyalara cavabdeh deyil. 

Respublikanın tamamilə işıqsız qalmasına səbəb olan stansiyadan xəbər var
Biz yolun təmiri zamanı asfalt örtüyünü təmir edirik. Əgər ərazidə işıqlandırma yoxdursa, asfalt örütüyünün təmiri zamanı orada işıq dirəyi quraşdıra bilmərik. Bu, bizim səlahiyyətimizdə deyil. Yolun kənarında quraşdırılan işıq dirəkləri həmin rayon üzrə icra hakimiyyətlərinin cavabdehliyindədir. Biz yeni yollar inşa etdikcə, işıqlandırma sistemini də quraşdırırıq. Amma mövcud yolların təmiri zamanı işıq dirəklərini quraşdırmaq, kommunikasiya xətləri çəkmək ixtiyarımız yoxdur", - deyə A. Nəcəfli qeyd edib.

Xatırladaq ki, bütün icra hakimiyyətlərinin "Küçə işıqları idarəsi" var. Və ərazilər üzrə küçələrin işıqlandırılması müvafiq rayon üzrə bu idarələr tərəfindən həyata keçirilir.