İQTİSADİYYAT

Donald Tramp yenə dünyaya meydan oxudu

ABŞ Prezidenti yenidən sosial şəbəkədə özündənrazı paylaşım edib
Sputnik

BAKI, 7 avqust — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi çox güclü mövqeyə malikdir və maliyyə baxımından Çin və digər ölkələr üçün cəlbedicidir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Tramp öz "Twitter" səhifəsində yazıb.

"Çindən və dünyanın digər yerlərindən böyük miqdarda pul təhlükəsizlik səbəbindən, investisiya və faiz dərəcələrinə görə ABŞ-a axır. Biz olduqca güclü mövqeyə malikik. Ölkəyə xeyli sayda şirkətlər də gəlir. Bunu izləmək olduqca xoşdur", - deyə Tramp yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ildə 300 milyard dollar dəyərində Çindən idxal edilən mala 10 faiz gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu açıqlayıb.

Tramp ABŞ-ın nümayəndə heyətinin "gələcək ticarət əməliyyatı ilə əlaqədar konstruktiv danışıqlar apardıqları Çindən yeni qayıtdıqlarını" söyləyib.

"Üç ay əvvəl Çinlə sövdələşdiyimizi düşünürdük, amma təəssüf ki, Çin sazişi imzalamadan əvvəl yenidən nəzərdən keçirmək qərarına gəldi. Danışıqların bir hissəsi olaraq ABŞ sentyabrın 1-dən Çindən 300 milyard dollar dəyərində digər mallara isə 10 faiz əlavə rüsum tətbiq etməyə başlayacaq" - deyə Amerika lideri öz "Twitter" səhifəsində yazmışdı.