Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. Bərdə rayon Divanlı kənd sakini Rahib Məhərrəmova ziyan vuranlar tutuldular.
Bərdə rayonunun Divanlı kənd sakini Rahib Məhərrəmov ona məxsus evdən məişət əşyalarının oğurlanması barədə Bərdə RPŞ-yə məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evdən oğurluq edən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Onun ətrafında davam etdirilən tədbirlərlə qohumları - Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Aftandil Şahbazovla və Goranboy rayon sakini Təyyar Uğurluyevlə əlbir olaraq Bərdə rayonunda əlavə 3 mənzildən və Ucar rayonunda 1 mənzildən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 1 evdən və diş poliklinikasından tikinti və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Yaşar Qasımov və İsi Əhmədov da maddi sübutlarla birlikdə saxlanılıblar.
Qeyd olunan faktlarla bağlı Bərdə RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.