BAKI, 7 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə əsən güclü külək 20 yaşlı qızın başına ağac budağı salmış, xəsarət alan qız 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Ötən gün isə həmin xəsarət alan şəxslə bağlı mediada müxtəlif məlumatlar yer alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məlumatlarda xəstəxanada xəstədən pul alınması ilə bağlı iddialar qabardılıb. Bununla bağlı olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko" xəstəxanası) həkimi Almasxan Zeynalov başına ağac budağı düşərək xəsarət alan Simnarə Qənbərlinin ittihamlarını cavabsız qoymayıb.
Həkim bildirib ki, həmin xəstə daxil olarkən yanında heç bir qohumunun olmadığını vurğulayıb: "Təcili yardım maşını ilə pasiyent buraya daxil olan zaman onun heç bir qohumu yanında olmayıb. Xəstə daxil olan kimi başında yarası olduğuna görə sarğı otağına göndərilib. Orada yaraları tikilib. Yarası tikilib qurtarana yaxın anası gəlib. Yarası tikildikdən sonra isə xəstə kompüter müayinəsinə göndərilib. Kəlləni kompüter müayinəsi etdikdən sonra sağ nahiyədə əzilmə müşahidə edilib. Nə qansızma, nə də kəllə sümüyündə sınıq olub".
Həkim iddia edir ki, anası təkidlə qızı xəstəxanadan evə aparıb: "Xəstənin anasına təklif olunub ki, o, xəstəxanada qalsın. Anası isə qızını evə aparmaq istəyib. Dedim ki, mən deyə bilmərəm ki, bu xəstəni götür, evə apar. Ancaq biz heç kəsi burada ayağından tutub çarpayıya bağlamırıq. Sadəcə nəzərlərinə çatdırdım ki, xəstə müalicə olunmalıdır. Qadın yenə də dediyindən dönmədi".
A.Zeynalov deyir ki, müayinə ilə bağlı diaqnozun nəticələrini xəstə yaxınları istəməlidirlər, lakin ailə belə bir tələblə müraciət etməyib:
"Xəstənin diaqnozunu verməkdən ötrü müraciət olmalıdır. Qeydiyyat şöbəsində jurnalda o, fiksə olunub. O, arayış şəklində təqdim olunur. Yoxsa kompüterin, rentgenin cavabı ayrı-ayrılıqda verilmir" .
Xəstəxanada onlardan pul alınmasına gəlincə isə həkim bunları deyib:
"Özü də gəldi, yoldaşı da gəldi, sual verdim ki, mən sizdən pul istəmişəm? Təcili yardımda buraya "bomj", küçədə qalmış gəlir. Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?! Adamın ən azından vicdanı olar. Buraya xəstələr gəlirlər, günlərlə yaxınlarını tapa bilmirik.
Bu, insanlığa uyğun gəlmir. Bizim xəstəxana haqqında hər şey danışırlar. Respublikanın ağır yükünü belində daşıyan bir kollektivə belə söz demək düzgün deyil".
Qeyd edək ki, ötən gün Baku TV-yə danışan Simnarə Qənbərli bildirmişdi ki, ona xəstəxanada çox kobud davranıblar və yaxınlarından pul istəyiblər.