Koçaryan vaxtilə saymadığı qurumdan kömək istəyir

Robert Koçaryan da daxil olmaqla Ermənistanın heç bir prezidenti BMT-nin Dağlıq Qarabağa dair 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən heç birini indiyədək yerinə yetirməyib
Sputnik

BAKI, 7 avqust — Sputnik. Ermənistanda həbsdə olan ölkənin ikinci prezidenti Robert Koçaryanın vəkilləri BMT-nin İnsan Haqları üzrə Komitəsinə müraciət etməyi nəzərdən keçirir. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Koçaryanın vəkili Aram Orbelyan bildirib.

Koçaryan vaxt verdi: “Bu hakimiyyət çox qalmayacaq”

Onun sözlərinə görə, elə etmək lazımdır ki, bu müraciət Avropa İnsan Haqlarına edilən müraciətlə üst-üstə düşməsin. Çünki bir insan haqlarına dair məsələyə eyni zamanda iki beynəlxalq instansiya tərəfindən baxıla bilməz.

Orbelyan əlavə edib ki, zaman keçdikdə Koçaryanın işi üzrə pozuntuların sayı artır.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O zaman prezident olan Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Ermənistan iflic vəziyyətdədir – Paşinyan gizli sənəddən danışdı

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Bu ilin mayın 18-də isə Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

İyunun 25-də Apellyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

Onu da xatırladaq ki, Robert Koçaryan da daxil olmaqla Ermənistanın heç bir prezidenti BMT-nin Dağlıq Qarabağa dair 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən heç birini indiyədək yerinə yetirməyib.