CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçilərimiz "Dəniz kuboku-2019"un növbəti epizodunun qalibi oldular - VİDEO

İkinci yeri Rusiya komandası tutub
Sputnik

BAKI, 7 avqust — Sputnik. “Dəniz kuboku - 2019” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində hərbi dənizçilər “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqlarını  yerinə yetiriblər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələnin də qalibi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası olub.

Qərara əsasən, Azərbaycan hərbi dənizçiləri birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü, İran isə dördüncü yerə layiq görülüb.

Dünən isə “Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin dayanıqlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu  yerinə yetiriblər.

Ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər. 

Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Azərbaycan 40 balla birinci, İran 34 balla ikinci, Qazaxıstan 31 balla üçüncü, Rusiya komandası isə 30 balla dördüncü yerə layiq görülüb.