Qadın qılığında biabır olmuş cinayətkar ölü tapılıb

Onun özünü asaraq intihar etdiyi bildirilir
Sputnik

BAKI, 7 avqust — Sputnik. Qızının qılığına girərək həbsdən qaçmağa cəhd göstərmiş braziliyalı narkobaron saxlanıldığı kamerada ölü tapılıb.

Bir müddət öncə xəbər verdiyimiz kimi, Klauvino Da Silva saxlanıldığı həbsxanadan qaçmaq üçün ona baş çəkmiş 19 yaşlı qızının cildinə girib. O, bunun üçün üzünə rezin maska taxıb və başına parik qoyub. Kişinin həmçinin öz qızının çəhrayı paltarını da geyindiyi bildirilib.

Qadın qılığında biabır olmuş cinayətkar ölü tapılıb

Lakin "qızın" özünü həyəcanlı aparması səbəbindən həbsdən qaçış baş tutmayıb.

Qeyd edək ki, cinayətkarın ifşa edilməsinin videogörüntüləri "YouTube"da yerləşdirilib.

Sputnik Azərbaycan "BBC News"a istinadən xəbər verir ki, hadisədən üç gün sonra Da Silva kamerasında ölü tapılıb. Onun özünü asaraq intihar etdiyi bildirilir.

Bir müddət öncə, narkotik vasitələrin dövriyyəsinə görə Da Silvaya 73 il 10 ay müddətində həbs cəzası verilib.

Bildirilir ki, 42 yaşlı Da Silva "Qırmızı Komanda" adı ilə tanınan cinayətkar təşkilatın üzvü olub. Bu cinayətkar qrup Braziliyada narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan ən böyük şəbəkədir.