BAKI, 6 avqust — Sputnik. İranla müharibə "bütün müharibələrin anası" ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışı zamanı bildirib.
"İranla sülh – istənilən sülhün anasıdır, yenə təkrar edirəm, İranla müharibə bütün müharibələrin anasıdır. Sülhün qarşılığında sülh", - deyə Ruhani qeyd edib.
O, həmçinin əlavə edib ki, əgər Birləşmiş Ştatlar İranla danışıqlar istəyirsə, onda öncə İİR əleyhinə sanksiyalar ləğv olunmalıdır.
Xatırladaq ki, daha əvvəl İran Prezidenti Həsən Ruhani ABŞ-ın bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifin adının qeyri-şərtsiz danışıqların aparılması haqqında təklifdən sonra sanksiyalar siyahısına daxil edilməsini "uşaqlıq" adlandırmışdı.
"Onlar (Amerikalılar) özlərini uşaq kimi aparırlar... Onlar hər gün bəyan edirlər: "Biz ilkin şərtlər olmadan danışıqlar aparmaq istəyirik... daha sonra onlar xarici işlər nazirinə qarşı sanksiya tətbiq edirlər. Bu, o anlama gəlir ki, onlar rasional düşünmək qabiliyyətini itiriblər", - deyə Ruhani qeyd edib.
Ruhani əlavə edib ki, bu addım ABŞ-ın İran diplomatından qorxmasının göstəricisidir: "Onlar bizim xarici işlər nazirinin müsahibələrindən qorxurlar".
Birləşmiş Ştatlar İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin adını sanksiya siyahısına əlavə edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qərara münasibət bildirərkən vurğulayıb ki, ABŞ onu təhdid hesab etdiyi üçün sanksiyalar siyahısına daxil edib.
"Mənim ABŞ-ın sanksiya siyahısına daxil edilməyimin səbəbi budur ki, mən İranın dünyada əsas təmsilçisiyəm... Bu qərar mənə və ailəmə təsir etməyəcək... Çünki mənim İran xaricində nə mülküm, nə də maraqlarım yoxdur. Çox sağ olun ki, məni öz gündəminiz üçün böyük təhdid hesab edirsiniz", - deyə Zərif öz "Twitter" səhifəsində yazıb.