BAKI, 6 avqust — Sputnik. Yevlaxda çəkisi 1 ton 152 kiloqram olan çətənə kollarının yetişdirildiyi narkoplantasiya aşkar edilib. Narkoplantasiyanın aşkarlanması Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində gördüyü tədbirlər çərçivəsində baş verib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən "Xaş-xaş-2019" şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb.
Məmmədov kənd qəbiristanlığının yaxınlığındakı 0.05 hektar torpaq sahəsini zəbt edərək orada aqrotexniki qaydada qulluq etməklə çətənə yetişdirirmiş. Yevlax RPŞ-nin əməkdaşları əməliyyat zamanı kənd sakininin yetişdirdiyi təmiz çəkisi 1 ton 152 kiloqram, uzunluğu 1 metrdən - 4 metrədək olan 192 ədəd narkotik tərkibli çətənə kolu aşkar edərək götürüblər. Həmin ərazidə axtarış zamanı əlavə olaraq 605 qram qurudulmuş marixuana da aşkarlanaraq müsadirə edilib.
Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.