Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 6 avqust — Sputnik. Dünəndən başlayan güclü külək Bakıda ümumilikdə 60-dan çox ağacı aşırıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, güclü küləyin fəsadları daha çox paytaxtın Nəsimi, Yasamal ərazilərində müşahidə olunub: “Bu günə qədər Bakı ərazisində güclü külək nəticəsində 60-dan çox ağac aşıb. Onlardan 15-i kökündən çıxıb. Yerdə qalanının isə budaqlarının qırılmaları müşahidə edilib. Ümumilikdə ağac budaqlarının qırılması nəticəsində hərəkətsiz vəziyyətdə olan 8 avtomobilə maddi ziyan dəyib. Amma bu ilkin məlumatdır. Küləyin fəsadlarının aradan qaldırılması üçün bizim əməkdaşlarımız ərazilərdədir. Demək olar ki, qırılmış ağacların küçə və yollardan yığışdırılması işi 90 faiz yekunlaşıb. Hazırda da bu istiqamətdə iş aparılır".