BAKI, 5 avqust — Sputnik. Sumqayıtda güclü külək azyaşlı uşağın xəsarət almasına səbəb olub.
Sputnik Azərbaycan bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib. Ağacdan qırılan budaq 2009-cu il təvəllüdlü Qədəlili Aylin Sadiq qızının başına düşüb. Ağır xəsarət alan A. Qədəlili baş-beyin travması diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin Sputnik Azərbaycan-a verdiyi məlumatda uşağın vəziyyəti ağır qiymətləndirilir.
Sumqayıtda səhər saatlarında başlayan güclü küləyin fəsadlarının qarşısını almaq üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışır. Sputnik Azərbaycan-a bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən açıqlama verilib. Şəhər rəhbərliyindən Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinə konkret tapşırıqlar verilib. Birliyin bütün işçiləri baş verəcək hər hansı hadisənin qarşısını almaq üçün ərazi üzrə tam səfərbər olunublar. İcra hakimiyyətinin nümayəndəsi vətəndaşlara müraciət edərək bildirdi ki, küləkli hava şəraiti ilə bağlı hər hansı hadisə baş verərsə, "164" qaynar telefon xəttinə zəng edərək məlumat versinlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.