ABŞ Türkiyənin planlarından narahatdır

ABŞ Dövlət Departamenti Türkiyənin Suriyadakı hərbi əməliyyat planlarından narahatdır
Sputnik

BAKI, 5 avqust — Sputnik. Rəsmi Vaşinqton Türkiyə ordusunun Suriya ərazisində, Fərat çayından şərqdə əməliyyat keçirmək niyyətindən narahatdır və hesab edir ki, bu cür addımlar yolverilməzdir. Sputnik Azərbaycan ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bunu Departamentin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bildirib.

İsraillə Türkiyə arasında yeni böhran: Hədəf bölgə liderliyidir

"Suriyanın şimal-şərqində bu cür birtərəfli hərbi addımlar ciddi narahatlıq doğurur. Xüsusi ilə həmin ərazinin yaxınlığında amerikalı hərbçilər ola bilər. Orada bizim hərbçilər və yerli, Suriyadan olan tərəfdaşlarımız İŞİD-ın qalıqlarına qarşı əməliyyat keçirirlər. Biz bu növ istənilən addımı yolverilməz hesab edirik və bununla əlaqədar biz Türkiyəni birgə yanaşma üzrə işləməyə çağırırıq", - deyə Ortequs qeyd edib.

O vurğulayıb ki, ABŞ Türkiyə ilə Suriyada təhlükəsizlik zonasının yaradılmasına dair intensiv müzakirələri davam etdirir.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ordusu Suriyada, Fərat çayından şərqdə əməliyyat keçirəcək.