Cenifer Lopez "Tanrının şəhəri"ni ziyarət etdi

"Yerusəlim, sən unudulmazsan. Sən bizim İsrailə səfərimizin möhtəşəm finalısan"
Sputnik

BAKI, 3 avqust — Sputnik. Dünyaca məşhur pop ulduzu Cenifer Lopez ailəsi ilə birlikdə İsraildə səfərdədir. Sputnik Azərbaycan xəbər verir ki, Yerusəlimdə Qərb divarına baş çəkdikdən sonra müğənni 57 min Təl-Əviv tamaşaçısı qarşısına çıxıb.

Lopes nişanlısı, keçmiş beysbolçu Aleks Rodriges və övladları ilə birlikdə konsert öncəsi müqəddəs yerləri ziyarət edib. Cenifer bu haqda "Instagram" hesabında paylaşım edib. Nişanlısı Aleks Rodriges isə paylaşımlarına: "Yerusəlim, sən unudulmazsan. Sən bizim İsrailə səfərimizin möhtəşəm finalısan", - fikrini əlavə edib.

Təl-Əviv şəhəri haqqında da öz fikirlərini qeyd edən keçmiş beysbolçu: "Təl-Əvivə ilk səfərimizdə vaxtımızı çox gözəl keçiririk. Əhali isə yüksək enerjiyə malikdir", - yazıb.

Cenifer indiyə kimi heç bir ulduzun sosial şəbəkələrdə İsraildəki müqəddəs yerlərdən paylaşım etmədiyini vurğulayıb.

Qeyd edək ki, qədim Mesopotamiyanın mixi yazılarında Yerusəlim adının mənası "Tanrının şəhəri" kimi izah olunur.