Tualetə köhnə dəm tökmək istədi, gördüklərindən dəhşətə gəldi - Video

"Qaranlıqda döşəmənin üzərində uzun və qara bir şey gördüm"
Sputnik

BAKI, 2 avqust — Sputnik. Rusiyanın Perm şəhərində çoxuşaqlı ailənin evinə unitazdan piton daxil olub. Sputnik Azərbaycan xəbər verir ki, Rusiyanın "REN TV" telekanalı hadisə yerindən görüntülər paylaşıb.

"Mən köhnə dəmi unitaza tökmək üçün tualetə daxil oldum. İşığı belə yandırmamışdım, işıq dəhlizdə yanırdı. Qaranlıqda döşəmənin üzərində uzun və qara bir şey gördüm. İşığı yandırdım və dəhşətə gəldim", - deyə qadın "Komsomolskaya Pravda"ya bildirib.

Xanımın həyat yoldaşı xilasedicilərə müraciət edib. Onlar gələnə kimi tualetin qapısı bağlı saxlanılıb.

Çağırışa gələn xilasedicilər müəyyənləşdiriblər ki, evə zəhərsiz kral pitonu daxil olub. Xilasedicilərdən biri onu əli ilə götürərək kisəyə qoyub. İlan şəhər xilasetmə xidmətinə, sonra isə serpentariyə (ilan ferması) aparılıb.