CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Xan sarayının açılacağı tarix məlum oldu

Bu həftənin sonunda xarici və yerli mütəxəssislərin, müvafiq dövlət qurumlarının iştirakı ilə Şəki Xan sarayına baxış keçiriləcək.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. "Gələn həftədən etibarən Şəki Xan sarayı öz fəaliyyətini bərpa edəcək". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O, bildirib ki, bu həftənin sonunda xarici və yerli mütəxəssislərin, müvafiq dövlət qurumlarının iştirakı ilə Şəki Xan sarayına baxış keçiriləcək. K. Quluzadə bildirib ki, əgər yerli və xarici mütəxəssislər, eləcə də digər qurumların nümayəndələri hansısa görüləcək işlər barəsində qərar verəcəklərsə, kiçik düzəlişlərdən sonra, yekun baxışın nəticəsi olaraq gələn həftə ərzində Şəki Xan sarayı işini bərpa edəcək.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının qarşısında təxminən 500 yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi 19 nəfərin xəsarət almasına səbəb olmuşdu. Onlardan yalnız bir nəfər hadisədən bir neçə gün sonra dünyasını dəyişib. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.