CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanı turizm sahəsində aparıcı ölkələrdən birinə çevirmək olar

Əsas yol, çimərlik turizmini inkişaf etdirmək və xidmət sektorunda qiyməti endirməkdir.
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

Azərbaycan turistlər üçün yeni marşrut tapdı - "Zeytun ağacları"
BAKI, 2 avqust — Sputnik. Sputnik Azərbaycan öz veb saytında turistlərin Azərbaycana cəlb edilməsi yolları ilə bağlı oxucular arasında sorğu keçirdib. "Turistləri Azərbaycana nə ilə cəlb edə bilərik?" başlıqlı sorğuda oxucular yeddi bölmə üzrə səsvermə prosesində iştirak ediblər. Oxucuların 15.8% -i turistləri Azərbaycana yerli və beynəlxalq sərnişindaşımada güzəştlərlə cəlb etməyin mümkün olduğu qənaətindədirlər. 11.8%-i (18) turistləri cəlb etməyin yolunu tarixi əhəmiyyət daşıyan məkanlara səfərlər təşkil etməkdə görürlər. 10.5%-i (16) "Kənd turizmini inkişaf etdirməklə", 6.6% -i (10) "Milli mətbəx festivalları ilə", 7.9%-i (12) "Beynəlxalq miqyaslı musiqi tədbirləri ilə" bölməsini seçiblər.

Səsvermədə iştirak edən oxucuların çoxu - 28.3%-i (43) turistləri ölkəmizə xidmət sektorunda qiyməti endirməklə cəlb etməyin mümkün olduğunu düşünürlər. 19.1%-i (29) isə hesab edir ki, bu, ancaq çimərlik turizmini qaydaya salmaqla mümkündür.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov KİV-in tez-tez turizm sahəsindəki problemləri işıqlandırmasının bu sahənin inkişafına müsbət təsir etdiyini söyləyir: "Mən "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyinə turizm mövsümündə məhz turizmlə bağlı sorğu keçirdiyi üçün minnətdaram. Sputnik Azərbaycan turizmlə bağlı silsilə məqalələr, araşdırmalar, xəbərlər hazırlayır. Medianın bu sahəyə olan diqqəti turizmdə xeyli əyər-əskikləri aradan qaldırıb. Elə götürək ictimai çimərliklərin yaradılması məsələsini. Mətbuat bundan dəfələrlə yazdıqdan sonra problem öz həllini tapdı".

Ekspertin sözlərinə görə, çimərlik turizmi kütləvi turizm növüdür. Əgər ölkəyə gələn turistlərin sayının çox olmasını istəyiriksə, çimərlik turizmini mütləq inkişaf etdirməliyik.

"Bu yolla biz Rusiyadan Türkiyəyə axın edən turistlərin üzünü ölkəmizə çevirə bilərik" - deyən ekspertin fikrincə, turistlərin ölkəmizə axın etməməsinin səbəblərindən biri də oxucuların düşündüyü kimi, bu sahədəki qiymət özbaşınalığıdır. Turistlər doğrudan da qiyməti sərfəli olan ölkələrə üstünlük verirlər.

Şəki turistləri nə ilə sevindirir

"Azərbaycanın həm regionlarında, həmçinin də Bakıda turizm obyektlərində qiymət məsələsi mürəkkəb məsələdir. Marketoloqlar yerli şəraiti nəzərə alıb qiymət siyasəti yürütmürlər. Turizm obyektlərinin marketoloqları qoyduqları qiyməti heç cür əsaslandıra bilmirlər. Azərbaycanda turizmi inkişaf etdimək, onu aparıcı 20 ölkə sırasına çıxartmağın bir yolu da aviabiletlərin qiymətinin münasib olmasıdır. "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyinin turistləri ölkəmizə cəlb etmək üçün öz veb saytına yerləşdirdiyi sorğunun bütün bölmələri peşəkarlıqla seçilib. Bunların hər birinin ölkəmizə turist cəlb etməyə böyük təsiri var. Amma mən də düşünürəm ki, əsas yol, çimərlik turizmini inkişaf etdirmək və xidmət sektorunda qiyməti endirməkdir" - deyə Ağakərimov əlavə edib.

Hazırda "Sputnik Azərbaycan" öz sorğu bölməsində oxucuların məzuniyyətlə bağlı fikirlərini gözləyir. Oxucular saytımıza daxil olaraq, sorğuda iştirak edə bilərlər.