Dünyanın hər bir yerindən Sankt-Peterburqa gələn turistlər burada Rusiyanın tarixi ilə yaxından tanış ola, Rusiya imperiyasının çiçəkləndiyi dövrdə tikilmiş əzəmətli sarayları, eləcə də “Şimali Venesiya”nın məşhur tarixi və mədəniyyət abidələrini, kanallarını və körpülərini seyr edə bilərlər.
Necə getmək olar?
Pulkovo Beynəlxalq Hava Limanı Peterburqu bütün Avropa ilə birləşdirir. Təkcə 2018-ci ildə Pulkovo Hava Limanında sərnişin axını 18 milyon nəfəri keçib, 5 milyona yaxın sərnişin isə şəhərin dəmiryol vağzallarından yararlanıb.
Hava limanından Sankt-Peterburqun mərkəzinə avtobus və ya mikroavtobusla gedə bilərsiniz. Bir tərəfli bilet təxminən 50 rubldur (təxminən 1 ABŞ dolları). Rəsmi daşıyıcıların xidmətlərindən istifadə etsəniz hava limanından taksi ilə gəzinti “AVRO-2020”nin əksər şəhərləri ilə müqayisədə çox da bahalı olmayacaq.
Harada yerləşmək olar?
Sankt-Peterburq qonaqlarına geniş yerləşmə seçimlərini təklif edir. Burada hər zövqə və büdcəyə uyğun yaşayış yeri tapa bilərsiniz. Şəhərin mərkəzində belə münasib qiymətə mənzillər var. Bəxtiniz gətirsə, daha yüksək sinifli oteldə də ucuz bir otaq tapmaq olar.
Turistlər çox vaxt fərdi şəxslərdən kirayəyə mənzillər götürürlər. Belə bir mənzil tapa bilsəniz pula yaxşı qənaət edəcəksiniz. Bəzən bu cür mənzillərin yeri də şəhəri tez öyrənməyi rahatlaşdırır.
Nəyi görmək lazımdır?
Sankt-Peterburqla tanışlıq ənənəvi olaraq YUNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Saray Meydanı ilə başlayır. Meydanı əhatə edən memarlıq ansamblına Qış Sarayı, Zəfər Tağı ilə Baş Qərargah binası və Qvardiya Korpusunun qərargah binası daxildir. Meydanın mərkəzində Napoleon Bonapart üzərində qələbənin şərəfinə 1834-cü ildə quraşdırılmış Aleksandr Sütunu yerləşir.
Qış Sarayında təsviri və dekorativ-tətbiqi sənət muzeyi – Ermitaj yerləşir. Muzeyin kolleksiyasında məşhur rəssamların əsərləri, antik heykəllər, hərbi zirehlər, zərgərlik əşyaları, freskalar daxil lmaqla üç milyona yaxın eksponat var.
Sankt-Peterburqun əsas küçəsi olan Nevski Prospektində saraylar və malikanələr, “Bolşoy Qostinıy Dvor” (Böyük Qonaq Həyəti), “Zingerin Evi” adlı günbəzi ilə məşhur olan Pasaj, Kazan Kilsəsi yerləşib. Böyük Vətən Müharibəsi illərində mühasirədə olmuş şəhərin qəhrəmancasına müdafiəsi xatirəsinə Nevski Prospektindəki 14 nömrəli evin divarındakı bu yazı saxlanılır: “Vətəndaşlar! Artilleriya atəşi zamanı küçənin bu tərəfi ən təhlükəli yerdir!"
Çox sayda kanal və körpüləri sayəsində Neva üzərindəki şəhər “Şimali Venesiya” adını alıb. Körpülərin bəziləri gəmilər keçərkən qaldırılır. Ən məşhur qaldırılan körpü Saray Körpüsüdür. Bu tikili Sankt-Peterburqun “AVRO-2020”nin təşkilatçı şəhəri olaraq loqotipində təsvir edilib.
Hər gecə minlərlə turist bu körpülərin qaldırılmasına tamaşa edirlər.
Rusiyanın şimal paytaxtı öz memarlığı ilə dünyada məşhurdur. Şəhərin küçələrində əsl memarlıq şedevrləri - əzəmətli Müqəddəs İsaak kilsəsi, Xilaskar Qan kilsəsi, məşhur qızılı şpili olan Admirallıq binası, möhtəşəm Aleksandr Nevski monastırı ansamblı yerləşir. Sonsuz sayda belə şah əsərini sadalamaq olar!
Şəhərin mərkəzi rayonunda Mars Meydanına və I Pyotrun sarayı ilə birgə Yay Bağına, Mixaylovski Qəsrinə və onun yaxınlığında “Çijik”in məşhur abidəsinə diqqət yetirmək lazımdır. Onu tapmaq o qədər də asan deyil, çünki bürünc fiqurun hündürlüyü cəmi 11 santimetrdir. “Çijik”i daha yaxşı görmək üçün 1-ci Mühəndis Körpüsündən başlayaraq Fontanka çayının sahili boyu qranitini diqqətlə nəzərdən keçirmək lazımdır.
Müqəddəs İsaak Kilsəsi yaxınlığında, Senat Meydanında şəhərin qurucusu I Pyotra abidə qoyulub. Bu abidə Aleksandr Puşkinin eyniadlı şeiri sayəsində “Bürünc Atlı” olaraq tanınır. Burada İngilis bulvarı boyunca gəzə bilərsiniz və sola dönsəniz, Zamyatin döngəsi sizi Rus Arağı Muzeyinə aparacaq.
Burada Nikolayevski Sarayı və Mərkəzi Hərbi Dəniz Muzeyi yerləşir. Moyka çayının o biri sahilində isə möhtəşəm Yusupov Sarayı və məşhur Mariinski Teatrına gedə bilərsiniz.
Buradan Neva çayı sahillərinə qayıdıb Mərkəzi rayonu Vasilyevski adası ilə birləşdirən Blaqoveşensk körpüsü ilə çayı keçə bilərsiniz. Ərazidəki ən populyar turizm məkanları Kunstkamera, Rostral Sütunları və Birjevaya Meydanıdır. Vasilyevski adasından Petropavlovsk qalasına mənzərə açılır. Bu qala Sankt-Peterburqun ən tanınan simvollarından biridir.
Qala ziyarətçilər üçün açıqdır. Burada Petropavlovsk kilsəsi, Şahzadələr türbəsi, Mum fiqurlar muzeyi və Kosmonavtika muzeyi yerləşir. Qonaqlara qala divarına qalxmaq təklif ediləcək. Oradan gözəl xatirə fotoşəkillərini çəkə bilərsiniz.
Petroqrad tərəfdə, Petropavlovsk qalasına çox yaxın ərazidə, zoopark və attraksionlar parkı var. Sankt-Peterburqun başqa yerlərində olduğu kimi, burada da çoxsaylı memarlıq abidələri cəmləşib – bunlar Kşesinskinin malikanəsi, I Pyotrun evi, “qüllələri olan ev” və məsciddir. Burada həmçinin Maksim Qorkinin abidəsi və Dekabristlərin həlak olduğu yerdə obelisk var.
Naximov Hərbi Dəniz Akademiyasının qarşısında “Avrora” kreyseri yan alıb. Gəminin göyərtəsində muzey fəaliyyət göstərir. Qorkovskaya metro stansiyasının yaxınlığında isə ekskursiya qrupları üçün açıq olan məşhur “Lenfilm” kinostudiyası yerləşir.
Fyodor Şalyapinin ev muzeyi və Böyük Pyotrun Nəbatat Bağı üçün Aptekar adasını ziyarət etməyə dəyər. Kamennı adasında isə böyük mədəniyyət və istirahət parkı var. Burada həmçinin çox sayda gözəl malikanələr var. Onların arasında Qrafinya Kleynmixelin evi qeyri-adi memarlığı ilə seçilir. Yaxınlıqlıda yerləşən adsız adada isə məşhur “Avarlı Qız” heykəlini seyr etmək olar.
Yelaqin adası tam olaraq parka çevrilib. Parkın içində isə muzey-saray yerləşir. Adada həmçinin bir neçə göl var. Parkın ziyarətçilərinə katamaran və ya qayıq kirayələmək təklif olunur. Bundan başqa parkın cığırlarında dolaşmaq, çiçək ləklərini seyr etmək və hətta maralları da görmək olar.
Piyada körpüsü parkdan Krest adasına aparır. Burada Dənizkənarı Zəfər Parkı və Şeytan Çarxı olan əyləncə parkı var. Onun zirvəsindən şəhərə, Fin körfəzinə, “Lakhta Center” göydələninə və “AVRO-2020” matçlarının keçiriləcəyi stadiona nəfəs kəsici görüntü açılır.
Sankt-Peterburqda ən məşhur əyləncə vasitələrindən biri də şəhərin çay və kanallarında gəmi gəzintilərdir. Qayıq və teploxodlarda təşkil olunan gecə ekskursiyaları Şimal Palmirasını qeyri-adi tərəfdən görməyə imkan verir. Yayda isə şəhər işıqlarına Bəyaz Gecələr əlavə olunur. Bu mənzərəni görməyə dəyər!
Sankt-Peterburqda qonaqlar üçün başqa bir cazibə mərkəzi bulaqları, parkları və heykəlləri ilə məşhur olan Peterqof Saray Kompleksidir. Bu saray kompleksi memarlıq və landşaft dizaynının əsl şah əsəridir. Onu ziyarət etmək bütün gününüzü ayırsanız yaxşı olar. Buraya qatar və ya avtobusla gələ bilərsiniz.
Nəyi dadmaq olar?
Qastronomik cəhətdən koryuşka balığını peterburqluların əsas qüruru adlandırmaq olar. Bu xırda balığın şərəfinə hətta şəhərdə festival da keçirilir. Koryuşka şorbası və ya qızartması kiçik yeməkxanalardan tutmuş ən hörmətli restoranlara qədər müxtəlif müəssisələrdə satılır.
Ümumiyyətlə, Sankt-Peterburq mətbəxi ənənəvi rus mətbəxindən heç də fərqlənmir. Lakin onun bəzi özünəməxsus tərəfləri də var. Məsələn, Leninqrad rassolnikini ət və arpa yarmasından istifadə edərək hazırlayırlar. Ənənəvi versiyada isə yeməyə içalat və düyü qatılır.
Ət sevənlər yerli “şaverma”nı bəyənəcəklər. Şəhərin sakinləri iddia edirlər ki, bu şaurma Moskvada satılan şaurmaya və ya türk dönərinə qətiyyən bənzəmir. “Avro”ya gələn azarkeşlərin bu barədə öz fikirlərini formalaşdırmaq imkanı olacaq.
Çox dadlı skobelev kotletləri tipik Peterburq mətbəxinin yeməklərindən biridir. Dana və ya toyuq ətindən hazırlanan bu kotletlər suxarıya batırılaraq qızardılır. Onların yanında isə süfrəyə qarnir kimi smetandan və kərə yağından hazırlanmış isti sous verilir.
Peterburqun pışkaları (yumşaq bulkalar) bütün Rusiya ərazisində məşhurdurlar. Şəhərin hər bir yerində pışka almaq olar. İsti, üzərinə şəkər pudrası səpilmiş pışka və bir fincan qəhvə peterburqluların ən sevdiyi desertdir.
Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin uşaqlıqda dayəsi Arina Rodionovnanın bişirdiyi çəhrayı blinçikləri çox sevirdi.
Belə blinçiklərin qeyri-adi rənginin sirri xəmirə əlavə olunan çuğundur suyundadır. Bu blinçiklər şəkər pudrası və motmotu mürəbbəsi ilə süfrəyə verilir.
Futbol
Rusiya futbolunun yüksək divizionunda Sankt-Peterburqu təmsil edən yeganə komanda “Zenit”dir. “Zenit”in arenası Avropa çempionatının qrup mərhələsinin üç oyununa və bir dörddəbir final oyununa ev sahibliyi edəcək. Krest adasında yerləşən stadion 61 min tamaşaçı tutumuna malikdir. Arenanın düz yaxınlığında Novokrestovskaya metro stansiyası yerləşir.
Peterburq futbol dünyasına Andrey Arşavin, Aleksandr Kerjakov, Vladimir Bıstrov, İqor Denisov kimi çox gözəl oyunçuları bəxş edib. Onların hamısı vaxtı ilə stabil olaraq Rusiyanın əsas millisində oynayıblar.
Arşavin isə komandası ilə bürünc mükafat qazanaraq “AVRO-2008”in əsl kəşfi olub.