Üç Olimpiadaya ev sahibliyi etmiş yeganə şəhər (1908, 1948 və 2012-ci illərdə) indi dünyada ən çox ziyarət olunan şəhərdir - hər il 30 milyona yaxın turist “Tauer”i, “Big Ben”i görməyə və təbii ki, futbola baxmaq üçün bura gəlirlər. Məhz burada 2020-ci ilin iyulunda Avropa çempionatının həlledici oyunu keçiriləcək.
AVRO-2020-nin final şəhəri
London rəsmi olaraq dünya futbolunun paytaxtıdır. İki klub finalı - Çempionlar Liqası və Avropa Liqası - tamamilə İngiltərə komandalarından ibarət idi. Bunlardan üçü – “Tottenhem”, “Çelsi” və “Arsenal” Londonu təmsil edirdilər. Buna görə də İngiltərə Premyer Liqası dünyanın ən güclü liqası adlandırıla bilər.
Təəccüblü deyil ki, AVRO-2020-nin finalı məhz Londonda baş tutacaq. Maykl Ceksonun rekord sayda (15) konsertinə ev sahibliyi etmiş əfsanəvi “Uembli”, Avropada bir nömrəli futbol döyüşünə hazırdır.
Necə getmək olar?
İngiltərə Şengen zonasına daxil deyil və bu ölkəyə getmək üçün ingilis vizası almalısınız. Bu elə də asan və ucuz iş deyil. Qeydiyyat iki həftədən çox çəkəcək və ən sadə vizanın qiyməti 133 ABŞ dolları təşkil edəcək. Müqayisə üçün, Şengen vizasının qiyməti 35 avrodur!
Londonun hava limanları hər gün dünyanın hər yerindən reyslər qəbul edirlər.
Hitrou Hava limanından Londonun mərkəzinə çatmağın ən əlverişli yolu metrodur. Metronun girişini hamının tanındığı işarə ilə - ortasından mavi xətt keçən qırmızı dairə işarəsi ilə tapmaq olar. Dünyanın ən qədim metrosuna səyahət təxminən 50 dəqiqə çəkir.
“Viktoriya” avtovağzalına avtobusla səyahət sürətli və ya yavaş ola bilər – hər şey tıxaclardan asılıdır. Bundan başqa avtovağzaldan başqa bir yerə getmək lazım gəlsə, metro bileti almalı olacaqsınız.
İngiltərə paytaxtının mərkəzinə çatmağın ən sürətli yolu ekspres qatardır. Qatarla getmək cəmi 15-20 dəqiqə çəkir, lakin metro ilə müqayisədə 4-5 dəfə çox pul ödəməli olacaqsınız.
Harada yerləşmək olar?
Londonda mənzil, ictimai nəqliyyat və taksilərlə problem yaşanmır. Şəhər qonaqlarına istənilən büdcəyə uyğun otellər təklif etməyə hazırdır. Digər populyar turizm məkanlarında olduğu kimi, Londonda da çox sayda hostel, apartament və şəxsi mənzil tapa bilərsiniz.
Nəzərə alın ki, finala yaxın tarixlərdə mənzil axtarışı ucuz variant tapmaq şansını əhəmiyyətli dərəcədə azaldacaq. Londonun paytaxt olduğunu da unutmayın.
Görməli yerlər
Londonda heç vaxt olmamısınızsa, əsas görməli yerlərə ilk növbədə getməlisiniz. Bunlar “Beyker Strit” (Şerlok Holmsa baş çəkmək olar), Parlament, “Tauer”, Madam Tüsso muzeyi, futbol stadionları və yerli pablardır. “Nottinq Hill”dəki bit bazarını, “Da Vinci Kodu” marşrutunu, “Uimbldon”u, “Soho”nu və “Teyt Modern” qalereyasını unutmaq olmaz.
Şəhərin düz mərkəzində məşhur “Hayd-park” yerləşir. Parkda şahzadə Diananın şərəfinə xatirə fəvvarəsi var. Burada qayıq icarəyə götürə və ya xüsusi ayrılmış yerdə üzə bilərsiniz.
“Hayd-park”dan bir neçə metro stansiyası sonra Ladgeyt təpəsində möhtəşəm Müqəddəs Pavel kilsəsi yerləşir. Bu məbədin şpilinin hündürlüyü 111 metrdir, onun günbəzi isə Vatikandakı Müqəddəs Pyotr bazilikasını xatırladır.
Günbəzin altında “Pıçıldayan Qalereya”nı görmək olar. Bu yerin maraqlı adı akustik effektlə bağlıdır: qalereyanın bir ucunda pıçıltı ilə söylənilən söz divarlardan əks olunaraq qalereyanın digər ucunda eşidilə bilər.
Məşhur mahnıda olduğu kimi “Pikadili”yə çıxmaq, “Oksford” küçəsində gəzişmək və ya “Beatles”ın albomunun qapağında təsvir olunmuş “zebra” zolağını tapmaq olar – burada çoxsaylı muzeylərə getmədən belə marağınıza səbəb olacaq bir fəaliyyət tapacaqsınız!
“Depeche Mode” fanatısınızsa və İngiltərəyə ilk dəfə gəlirsinizsə, Londonun sərhədlərindən kənara çıxaraq Bazildona gedə bilərsiniz. “The Beatles” fanatları üçün isə bunu etmək çətin olacaq, çünki Liverpul xeyli uzaqdadır.
Nəyi dadmaq olar?
İngilis mətbəxi ilk növbədə nə ilə yada düşür? Əlbəttə ki, çay və ingilis səhər yeməyi ilə! Yulaf yarması, qayğanaq, bekon, lobya və tostlar İngilis səhər yeməyinin əsas tərkib hissələridir. Bunlara tez-tez hisə verilmiş siyənək də əlavə olunur. İngilislər bunun hamısını çayla içirlər.
İngilislər əti çox sevirlər, buna görə də burada əsas yeməkləri demək olar ki, həmişə onun əsasında bişirirlər. Bifştekslər, rostbiflər, steyklər, piroqlar, zapekankalar istisnasız olaraq hər yerdə satılır. Yeri gəlmişkən, təcrübəli səyahətçilər ənənəvi ingilis yeməkləri üçün pablara getməyi tövsiyə edirlər.
Ancaq Londonda ilk növbədə xarici mətbəxin yeməkləri məşhurdur: “Brik-leyn”də karini, “Qrin-leyns”də kababı və ya Boro bazarında hər ikisini dada bilərsiniz . Burada rus mətbəxi restoranları da var. Ümumiyyətlə, London AVRO-2020-nin xəritəsində ən bahalı yerdir.
Londonda mütləq “Ye Olde Cheshire Cheese” pabını da ziyarət edin. Bu pab 1538-ci ildən bəri fəaliyyət göstərir.
Futbol
“Empire Stadium”, yəni “İmperiya Stadionu” 1924-cü il aprelin 23-də Kral V Georq tərəfindən açılıb. Arenaya sonradan Londonun şimal rayonun adı verilib. Köhnə “Uembli” Çempionlar Kubokunun beş finalına, 1966-cı ilin Dünya Kubokunun və AVRO-96-nın matçlarına ev sahibliyi edib.
Sonra isə dəyişikliklər baş verib: 2003-2007-ci illərdə stadion tamamilə yenidən qurulub. Məşhur əkiz qüllələr nəhəng tağla əvəz olunub. 90 min tamaşaçı tutumu olan yeni arena İngiltərə komandasının oyunlarına ev sahibliyi edir. Burada 2011 və 2013-cü illərdə Çempionlar Liqasının finalları baş tutub. İndi isə növbədə AVRO-2020-nin oyunları, o cümlədən turnirin final oyunudur.