Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 avqust — Sputnik. Zaqatalada 17 yaşlı qızın intiharı ilə bağlı Monitorinq Komissiyası yaradılıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması üzrə komitəsinin üzvü Elgün Səfərov məlumat verib.
E. Səfərov söyləyib ki, erkən nikah faktorlarına, nikaha məcbur etmə hallarına dünyanın əksər ölkələrində rast gəlinir: “Azərbaycanda isə bununla bağlı 2002-ci ildə Cinayət Məcəlləsində 176.1 maddəsi qəbul edilib. Hansı ki, bu qanunla həmin şəxslər 4 min manata qədər cərimə və 4 ilə qədər azadlıqdan məhrum edilə bilərlər. Amma təəssüf ki, bu günə qədər cinayət işində nikaha məcbur etmə üzrə bir fakt belə tətbiq edilməyib.
Azərbaycanda bu problem var və biz bununla razıyıq. Qarşısını almaq üçün isə tədbirlər keçiririk. Nə qədər ki, hüquq mühafizə orqanları və ədliyyə qurumları tərəfindən məhkəmə çərçivəsində bunun qarşısını almaq üçün tədbirlər görülməyəcəksə, nəticəsi də olmayacaq.
Zaqatala hadisəsi ilə bağlı başqa səbəblər də var. Hazırda Monitorinq Komissiyası bu məsələ üzrə araşdırmalar aparır. Amma biz prokurorluğun apardığı istintaqa mane olmamaq üçün səbəbləri açıqlaya bilmərik”.
Qeyd edək ki, Zaqatalanın Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. Sosial şəbəkələrdə ailəsinin G. İsmayılovanı özündən 16 yaş böyük oğlana nişanladığı üçün intihar etdiyinə dair məlumatlar yayılıb. Mərhumun atası Vüqar İsmayılov isə ittihamları rədd edib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.