CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sağlamlıq imkanları məhdud uşaqlar Kino Gününü qeyd etdilər

"Salnaməfilm" və "3 dost" animasiya studiyalarının istehsalı olan "Cırtdan və sehrli xalat", "Azanfilm"in istehsal etdiyi "İt sərgisi" və "Cəsur təyyarə" cizgi filmləri nümayiş olunub
Sputnik

BAKI, 1 avqust — Sputnik. Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni cizgi filmləri nümayiş olunub.

Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası və "Salnaməfilm" studiyasının birgə təşkilatçılığı ilə iyulun 31-də paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində yeni istehsal edilmiş cizgi filmlərinin nümayişi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 2 avqust – Milli Kino Günü münasibətilə təşkil edilən tədbirdə nazirliyin Kino, audiovizual sənayesi ilə iş və filmlərin istehsalı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə uşaqlara kino sənəti haqqında məlumat verib.

Sonra "Salnaməfilm" və "3 dost" animasiya studiyalarının istehsalı olan "Cırtdan və sehrli xalat", "Azanfilm"in istehsal etdiyi "İt sərgisi" və "Cəsur təyyarə" cizgi filmləri nümayiş olunub.

Daha sonra Kinematoqrafiya şöbəsinin əməkdaşları Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində olublar.

Uşaqlar qonaqlara öz əl işlərini nümayiş etdiriblər.

Qeyd edək ki, sözügedən internat məktəblərində uşaqların asudə vaxtının səmərəli təşkili, bədii yaradıcılıqla məşğul olmaları üçün şərait yaradılıb. Təhsil ocaqlarında həmçinin dülgərlik, tikiş, toxuculuq, rəssamlıq kabinetləri də mövcuddur.