BAKI, 31 iyul — Sputnik. Sabirabad Mərkəzi Rayon Xəstəxanasının infeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib. Xəstələr ilk olaraq hərarətlərinin soyuqdəymədən qalxdığını ehtimal ediblər. Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıblar.
Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər. Diaqnozu bildikdə qohumları xəstələrini paytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-da isə xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub.
Məlumata görə, xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olublar. Hazırda ikinci xəstənin müalicəsi davam edir.
Qeyd edək ki, bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.
Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb. Bu günə qədər ölümlə nəticələnməyib.