CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kafedən yolu düşənlərə bəd xəbər - iştahınız qaçacaq

AQTA əməkdaşları tərəfindən antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb
Sputnik

BAKI, 31 iyul — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, AQTA əməkdaşları tərəfindən növbəti monitorinq Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi ev 7 ünvanında fəaliyyət göstərən ictimai-iaşə müəssisəsində (kafedə) aparılıb.

Baxış zamanı qeyd edilən ünvanda yerləşən yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kafedə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Bu kafedən yolu düşənlərə bəd xəbər - iştahınız qaçacaq

 Məlum olub ki, müəssisənin havalandırma sistemi yoxdur, müştəri qəbulu zalı və mətbəxin divarı çirkli vəziyyətdədir, sanitar qovşaq birbaşa müştəri qəbulu zalında yerləşir. 

Baxış zamanı kafedə məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi və temperatur rejiminin gözlənilmədiyi, binanın ümumi kanalizasiya borusunun mətbəx sahəsində yerləşən işçi masanın üzərindən keçdiyi, istifadə edilən qablar və məişət ləvazimatlarının kanalizasiya borusunun üzərində saxlanıldığı aşkar edilib.

Aşkar edilən nöqsanlar əsasında Agentlik əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.