Sanksiya müharibəsi – Gürcüstan milyonlar itirdiyini etiraf etdi

Aviabiletlər qaytarılır, yenisini alanların sayı isə kəskin azalıb
Sputnik

BAKI, 30 iyul — Sputnik. Gürcüstandan Rusiyaya birbaşa aviareyslərə qadağa qoyulmasından sonra "Georgian Airways" aviaşirkətinin itkiləri 25 milyon dollara çatıb. Sputnik Gürcüstan xəbər verir ki, bunu aviaşirkətin mətbuat xidməti bəyan edib.

Gürcüstan səfiri XİN-ə çağırıldı – İNSİDENT

Qeyd olunub ki, şirkət satılmış biletlərin 80 faizini geri almağa məcbur olub.

"Bundan başqa, aviabilet almaq istəyənlərin sayı kəskin şəkildə azalıb" – şirkət deyib.

"Georgian Airways"in rəhbərliyi Gürcüstan hökumətinə müraciət edərək, maliyyə yardımı istəyib. Hökumət isə dəymiş zərəri qismən kompensasiya edəcəyini deyib.

Rusiya-Gürcüstan münasibətlərində gərginlik

İyunun 20-də Tbilisidə anti-hökumət və anti-Rusiya aksiyaları başlayıb. Mitinq iştirakçıları Rusiyadan olan nümayəndə heyətinin Parlamentlərarası Pravoslav Assambleyasının sessiyasında iştirakına etiraz ediblər.

Ölkədə hökm sürən qarışıqlıq fonunda Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanı "düşmən" adlandırıb və bəyan edib ki, Moskva "ölkə ictimaiyyəti arasında parçalanma yaratmaqda maraqlıdır".

Rusiya Prezidenti Vladimir Putin gürcüstanlı həmkarının bu bəyanatından sonra iyulun 8-dən etibarən iki ölkə arasında hava əlaqəsinin dayandırılması haqqında fərman imzalayıb.

Statistikaya əsasən, keçən il Gürcüstana gələn turistlərin beşdə birini Rusiya vətəndaşları təşkil edib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Gürcüstanda vəziyyət normallaşandan sonra ölkələr arasında hava əlaqəsi bərpa olunacaq.