HADİSƏ

Səhər qəza törədən mikroavtobus SOCAR-a məxsus olub

Sürücü və avtobusun sərnişinlərindən xəsarət alanlar 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıblar
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində səhər saatlarında "KamAZ"la toqquşan mikroavtobus SOCAR-a məxsus olub. Sputnik Azərbaycan-a daxil olan bu məlumatı SOCAR-dan təsdiqləyiblər.

Sputnik Azərbaycan-ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ünvanladığı sorğuya cavabında bildirilir ki, bu gün saat 08 radələrində Bakının Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Tullantı Mərkəzinə xidmət edən Nəqliyyat İdarəsinə məxsus 90 JG 868 dövlət nömrə nişanlı "Hyundai Country" avtobusu 03 BJ 453 dövlət nömrə nişanlı "KamAZ" yük maşınını arxadan vurub. Sürücü və avtobusun sərnişinlərindən xəsarət alanlar 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Məlumata görə, 8 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 2 nəfər isə hazırda həkim nəzarətindədir".