BAKI, 28 iyul — Sputnik. Melaniya Tramp sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.
Sputnik Internatonal bildirir ki, iyulun qızmarında Milada hazırlaşmaq bir qədər qəribə olsa da, ABŞ-ın birinci ledisi Ağ evdə artıq hazırlıqlara başlayıb.
Özünün həm Twitter, həm də Instagram səhifələrində məlumat paylaşan Melaniya qeyd edib: "Yaxın aylarda bu unikal ənənəyə bizim yekun baxışımızın necə olacağını paylaşmaq imkanını səbirsizliklə gözləyirəm".
Bəzi izləyicilərinin Melaniyanı tərifləməsinə rəğmən, digərləri Prezident xanımını bu cür hərəkətlərlə ictimaiyyətin diqqətini daha vacib olan problemlərdən yayındırmaqda ittiham ediblər.
Ancaq qeyd etmək lazımdır ki, Melaniya Tramp tələsməyi sevən yeganə birinci ledi deyil. Barak Obamanın prezidentliyi dövründə onun xanımı Mişel də Milad bayramına yayda, amma daha da əvvəl - iyunda başlamışdı. Vogue junalının 2017-ci il nömrələrinin birində Ağ evin 2015-2016-cı illərdə bayram tədbirlərinin təşkilatçılarından olan Brayan Rafanellinin etirafları yer alırdı. Rafanellinin dediyinə görə, 2015-ci ilin dekorasiyaları hazırlanıb qurtaran kimi, o, 2016-cı ildəki bayramın təşkilinə başlayırmış. Rafanelli vurğulayıb ki, bütün bu hazırlıqlar əslində iyunun ortasında başlanır, birinci xanım layihəni təsdiq edəndən sonra isə dekorasiyaların tərtibatına start verilir.