MƏDƏNİYYƏT

Azərbaycan xörəkləri zəhərlənən prodüseri "sağaltdı"

"Təsəvvür edin ki, ancaq Bakıda ilk dəfə normal xörək yedim", - Bari Alibasov
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Bakıda Azərbaycan mətbəxinin nümunələrindən dadan Rusiyanın Əməkdar artisti Bari Alibasov başa düşüb ki, zəhərləndikdən sonra indi ancaq bizim xörəklərdən yeyə bilər. Bu barədə B.Alibasov Sputnik Azərbaycan-ın müxbirilə söhbətində bildirib.

Məşhur "Na-na" qrupunun yaradıcısı sağaldıqdan sonra musiqiçilərini Bakıya, "Jara" festivalına, tək göndərməmək qərarına gəlib və onlarla birlikdə paytaxtımıza təşrif buyurub. Ancaq onun xanımı Lidiya Şukşina özünün  kino layihələri səbəbindən həyat yoldaşını müşayiət edə bilməyib.

"Təsəvvür edin ki, ancaq Bakıda ilk dəfə normal xörək yedim. Zəhərləndiyimə görə həkimlər qida borumu yeddi millimetrədək daraldıblar, ona görə də heç nə yeyə bilmirəm. Sizin mərci şorbanız çox xoşuma gəlir. Çox yüngüldür. Anladım ki, ancaq bunu yeyə bilərəm", - Alibasov deyib.

Azərbaycan xörəkləri zəhərlənən prodüseri "sağaltdı"

Musiqiçi etiraf edib ki, onu yalançılıqda suçlayan Rusiya KİV-lərinə əhəmiyyət verməyib, heç onları oxumayıb da. Onun sözlərinə görə, yeddi gün komada qalıb və bütün bu müddətdə həyat yoldaşı onun əlindən tutub: "Mənə inanıb-inanmadıqları vecimə deyil. Oğlum deyir ki, bu hadisəyə görə 20 milyon qazanıb, amma yalandır. Hələ ki, müalicədəyəm və onun nə qədər davam edəcəyini bilmirəm".

Bari Alibasov iyunun 4-də boru təmizləmək üçün vasitədən zəhərlənib. Ona mədənin ikinci dərəcəli yanığı, həmçinin nəfəs yollarının və qida borusunun dördüncü dərəcəli yanığı diaqnozunu qoyublar. İyunun 17-də həkimlər bildiriblər ki, prodüseri evə yazıblar. 

Rusiyalı müğənni Eminin filminə baxıb Bakıya vuruldu

"Jara-2019" festivalı Bakıda iyulun 25-də başlayıb. Sea Breeze turizm-istirahət kompleksində keçirilən festival iyulun 28-dək davam edəcək. Tədbirin açılışı günü orada Filipp Kirkorov, Loboda, Olqa Buzova, Emin Ağalarov, Monatik və başqaları çıxış ediblər.

İyulun 26-sı festival Qriqori Lepsin və Stas Mixaylovun, eləcə də 30 yaşını qeyd edən "Lübe" qrupunun yaradıcılıq gecəsi ilə başlayıb. Səhnədə Leonid Aqutin, Filipp Kirkorov, Aygün Kazımova, Valeriya, Brilyant Dadaşova, Nigar Camal və başqaları çıxış ediblər.

1990-cı və 2000-ci illərin hitləri şənbə günü, iyulun 17-də səslənib. Konsertdə "Na-na", "Ruki vverx!" qrupları, Layma Vaykule, İqor Nikolayev, Alyona Apina, İrina Dubtsova, Mitya Fomin, Aleksandr Buynov, Emin Ağalarov və digərləri oxuyublar.

Festivalın bağlanışı günü, yəni iyulun 28-də Z nəsli çıxış edəcək, Timatinin konserti olacaq. Burada Qriqori Leps, Svetlana Loboda, Lyubov Uspenskaya, Ciqan və Black star leyblının artistləri dinləyiciləri coşduracaqlar.

Layihənin təşkilatçıları məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovdur. Festivalda Azərbaycanın, Rusiyanın, Ukraynanın, İtaliyanın, ABŞ-ın və digər ölkələrin estrada ulduzları iştirak edirlər.