Yay tətilinin başlaması məktəblilərin bədii qiraəti mövzusunu yenidən aktuallaşdırır.
Yazıçı Reyhan Yusifqızı Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın uşaq ədəbiyyatı sahəsində problemlər var:
“Bu, səbəbsiz deyil. 70 illik əlifbamızın dəyişməsi bizi ədəbiyyatımızdan ayrı saldı. Bizim uşaq ədəbiyyatı sahəsində formalaşmış ədəbi məktəbimiz olsa da, yeni kitablara və müasir yazıçılara ehtiyacımız var. “Atalar və oğullar” problemi hər zaman olub. Keçid dövründə bu daha da dərinləşdi. Bütün bunlara baxmayaraq, müasir şair və yazıçılarımız yazıb-yaradırlar. Nəzərə almalıyıq ki, indiki oxucu başqadır”.
Yazıçının qənaəti belədir ki, vəziyyət getdikcə düzəlir, belə ki, Azərbaycan dilində olan kitabların sayı artır. “Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan kitabların tərtibatının daha cəlbedici olması haqqında fikirləşmək lazımdır. Bizim kitabların dizaynı geridə qalır. Azərbaycan dilində olan kitabların üz qabığı dizaynı dünya standartları ilə ayaqlaşa bilmir. Kitabın üz qabığı onun vizit kartıdır. Həmçinin tərcümə kitablarındakı qüsurlar da bu sahədə olan problemlərdən biridir. Kitablar uşaqların həyatını bəzəyir. Biz onlara bunu verməliyik”, - deyə Reyhan Yusifqızı bildirib.
Yazıçının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz