CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində

İxtirasını gün üzünə çıxartmayan Güləndam xanım və Vatikan kilsəsini əlləri ilə bəzəyən Tofiq usta sənətin incəliklərindən danışırlar
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Bir müddət öncə Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

İş elə gətirmişdi ki, bu qərardan bir qədər öncə yolumuzu Şəkidəki “Karvansaray” adlanan turistik məkandan salaraq, kiçik reportaj hazırlayıb, oxucularla bölüşmək qərarına gəlmişdik.

Səfər zamanı yalnız Azərbaycana aid olan təkəlduz sənət növü, onunla məşğul olan sənətkar, kiçik sahibkar Güləndam Alxasova ilə danışa bildik. Təxminən 14 yaşından təkəlduz sənəti ilə məşğul olduğunu deyən həmsöhbətimiz artıq 46 ildir ki, eyni işi görür. İşinin həm çətin, həm də zövq verici olduğunu deyən Güləndam xanım bizə bir az da sənətin incəlikləri, tarixi haqda məlumat verir: “Müstəqillik əldə edənədək bu sənətin unudulma riski vardı. Artıq sıradan çıxmağa başlayırdı. Amma bununla belə mən və mənim kimi bir sıra sənətkarlar tutduğumuz bu yolu davam etdirdik. Müstəqillik əldə etdikdən sonra isə bu sənəti tanıtmaq üçün şanslarımız, imkanlarımız artdı”.

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində

Bankdan kredit götürməklə özü üçün “Karvansaray”da kiçik biznes quran Güləndam xanım həm də Qeyri Hökumət Təşkilatı yaradıb. Söhbət əsnasında övladının ikinci qrup əlil olduğunu öyrənirik. Bu nüans isə onu fiziki məhdudiyyətli uşaqlara daha da həssas yanaşmağa sövq edir. Şəkidə fəaliyyət göstərən Əlillərin Reabilitasiya Mərkəzinin rəhbəri olan kiçik sahibkar yaratdığı bu QHT ilə nəinki Şəkidən, o cümlədən də Oğuz və Zaqataladan olan fiziki məhdudiyyətli gəncləri də ətrafına cəmləyə bilib. Mütəmadi olaraq bu gənclərlə işləyən QHT rəhbəri onlara öz çörək pullarını qazanmağın yollarını öyrədərək əllərinə iynədən, sapdan verib, müxtəlif naxışları öyrədib: “Tətbiqi və təsviri sənət nümunələri üzrə yaradıcı rəssamam. Eyni zamanda da Şəkidən Rəssamlar İttifaqının üzvü olan yeganə qadın rəssamam. Əsas məqsədlərimdən biri bu sənətin gələcək nəsillərə ötürülməsidir. Ona görə də, bu gün alın təri axıdıram ki, sənətimiz ölməsin. Artıq əminəm ki, hazırda yanımda olan 35 şagirdim də gələcəkdə bu peşənin yaşaması üçün davamçılar yetişdirəcəklər. Hazırda mənim bu yolumu davam etdirənlər sırasında fiziki məhdudiyyəti şəxslərin olması isə çox sevindirici haldır. Onlar evdə oturub işləməklə öz zəhmətlərinin qarşılığında pul qazanırlar”.

Amma onun arzuları ölkə sərhədləri ilə məhdudlaşmır. Əsas arzusu isə Azərbaycandan xaricdə tanınaraq, başqa ölkələrdə sərgilərinin təşkil olunmasıdır.

O deyir ki, təkəlduz sənəti digərləri ilə müqayisədə daha çətindir: “Bu sənət el arasında parça üzərində tikmə kimi tanınır. Təkəlduzun mənası isə tək əllə düzməkdir. Belə rəvayət edilir ki, qədimdə bu işlə yalnız kişilər məşğul olarmış. Amma zaman keçdikcə qadınlar digər peşələrdə olduğu kimi burda da məharətlərini sınamaq eşqinə düşüblər”.

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində

Lakin şəkili ustanın arzuları, ixtiraları, işə olan sevgisi bununla da yekunlaşmır. Fərqli üslubda bir “motorika” ixtira etdiyini bildirən həmsöhbətimiz deyir ki, sözügedən “motorika”da müxtəlif naxışlardan, güllərdən, şəbəkə rəsmlərindən, hətta Şəki halvasının naxışlarından da yararlanıb: “Lakin istədiyim qonorarı almayanadək bu ixtiramı bəyan etmək istəmirəm. Çünki hamı göz oğrusudur, kimsə görsə, eynisini edə bilər. Ona görə də bankdan lazım olan vəsaiti aldıqdan sonra onun kütləvi istehsalına başlayacağam”.

Həmin o sirli ixtiranın yaranma tarixi isə 30 il bundan öncəyə, yəni həmsöhbətimizin 25 yaşına təsadüf edir. 30 ildir ki, lazım olan vəsaiti almadığı üçün bu ixtirasını hələ də təqdim etməyən Güləndam xanımdan “motorika”nın fərqliliyi haqda da bir qədər məlumat ala bildik: “Yaratdığım “motorika”lar düyüdən, qarabaşaqdan, noxuddan ibarət olur və onun üzərində gəzdikcə insanın qan dövranı yaxşılaşır. Düşünürəm ki, bu vasitə fiziki məhdudiyyətli uşaqlar üçün də gözəl seçimdir”.

Əslində iqtisadi asılılıqdan azad olmaq istəyən, lakin hələ də risk etməyən qadınlar üçün bir nümunə olan həmsöhbətimiz biznesini genişləndirmək üçün çox alın təri töküb. O deyir ki, bunun üçün müxtəlif illərdə bankdan kredit alıb. Elə götürdüyü ilk kredit ilə burada özünə bir məkan açan Güləndam xanım da digər sənətkarlar kimi həm də burada öz məhsullarının satışı ilə məşğul olur. O etiraf edir ki, yerli sakinlərə bu məhsulları satmaq çətindir. Amma turistlərin bu işlərə xüsusi maraq göstərdiyini deyir: “Son illər ərzində, yəni bankdan kredit götürdüyüm vaxtdan təxminən 200-dək əsərimi satmışam”.

O, təkəlduzla kəlağayıların üzərini də müxtəlif nar və itburnu çiçəkləri ilə bəzəyir.

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində

Həmsöhbətimiz ən bahalı əsərlərindən biri olan “Nəlbəki rəqsi” haqda da məlumat verir: “Təkəlduzla işlədiyim nəlbəki rəqsini əks etdirən əsərimi isə əcnəbilər 2 min dollara almaq istəsələr də, onu heç kimə satmamışam. Çünki mən bu əsəri təzədən bir də belə hazırlaya bilmərəm”.

Əlləri "qızıl" olan digər sənətkarlar isə şəbəkəçilərdir. Şəkidə bu cür ustalara tez-tez rast gəlinməsi isə xoş təsadüfdür. Onların da işində zərgər dəqiqliyi ən vacib şərtdir. Həmsöhbətimiz, şəbəkəçi Tofiq Rəsulovla söhbətə başlayarkən həm də qiymətlərdən sual verdik. Amma görünür jurnalistin ona bu sualı belə tez verməsi ustaya bir qədər toxunmuşdu: “Düz deyiblər ki, zər qədrini zərgər bilər. Dəyərli əsərin qiyməti olmaz. Adam var ki, gəlir baxır, baxır, heç nə başa düşmür, çıxıb gedir. Adam da var ki, baxır, hər xırdalıqla maraqlanır, qapıdan çıxanda qiymətini soruşur”.

Usta deyir ki, bu sənət ona atasından ötürüldüyü kimi, onun yolunu da övladı davam etdirir: “Artıq 45 ildir ki, bu sənətlə məşğulam. Mən bu sənətin incəliklərini atamdan, hələ uşaq ikən öyrənməyə başlamışam. Atam da dövrünə görə məşhur şəbəkəçilərdən biri olub. Hətta atam 50-ci illərdə Şəki Xan Sarayının bərpasında da iştirak edib. Sarayın sonrakı bərpa işlərində isə özüm iştirak etmişəm”.

Söhbət əsnasında emalatxanadakı işlərlə, işçilərlə də tanış olduq. Tər-qan içində aldıqları sifarişi zamanında çatdırmağa çalışan emalatxana işçiləri də günlərinin gərgin keçdiyini deyirlər.

Tofiq dayı sifarişlərlə bağlı da bizi məlumatlandırır. Deyir ki, evlərlə yanaşı kafe, restoranlar üçün də sifarişlər götürüblər. O, eyni zamanda da xarici sifarişlərin də müəllifidir. Tofiq dayı ilə Vatikan kilsəsi haqda danışırıq: “Vatikandakı kilsə bizim hazırladığımız şəbəkələrlə yığılıb. Şəbəkə bu tikiliyə də xüsusi bir füsunkarlıq verib”.

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində

Şəbəkə sənətinin gələcəkdə də yaşaması üçün usta kiçik də olsa, bir məktəb yaradıb. Bu peşə məktəbində isə 7 şagird sənətin incəliklərini öyrənir.

T.Rəsulov deyir ki, hər bir şəbəkənin hazırlanması müəyyən mərhələlərdən ibarət olduğu üçün bu iş bir qədər zaman alır: “Sifarişi götürdükdən sonrakı ilk işimiz həmin şəbəkənin çertyojunun hazırlanmasıdır. Çertyoju özüm qururam. Olur ki, bəzən 1 kvadrat metrlik şəbəkənin hazırlanması 2 ayadək zaman alır”.

1 kvadrat metrdə 14 min taxta parçasının olduğunu diqqətimizə çatdıran usta daha sonrakı proseslər haqda da məlumat verir: “Bundan sonra taxtanı qurur və şüşələri sifariş edirik. Digər materiallarımız yerli olsa da, şüşələrimiz Rusiyadan gətirilir”.

Amma bu gözəl sənət nümunələrinin gerçəkdən neçəyə satıldığını öyrənmək üçün söhbətin sonuna doğru yenidən təkid edərək qiymətləri öyrənməyə müvəffəq olduq: “Bir kvadratın qiyməti 8 manatdır. Şəbəkədə qiymət ornamentin xırdalığı və böyüklüyünə görə dəyişilir. Ornament nə qədər xırda olsa, qiymət bir o qədər yüksək olur. Elə bir şəbəkə var ki, onun 1 kvadrat metrində 14 min taxta və şüşə parçası var. Əlbəttə ki, bir başqa şəbəkənin 1 kvadrat metrində isə 3 min taxta parçası varsa, bu digərindən daha ucuz satılacaq”.

Tək əllə düzənlər, şüşə parçalarla xarüqələr yaradan sənətkarların izində

Bu dəfə isə artıq qiymətlə bağlı xırdalıqları soruşmadan usta özü bizi məlumatlandırır: “Məsələn iki aya başa gələn 1 kvadrat metrlik şəbəkənin qiyməti 1000-1300 manat arasında dəyişilir”. 

O da deyir ki, bu işlərə yerli sakinlərlə müqayisədə daha çox turistlər maraq göstərirlər.