İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 24 iyul — Sputnik. Əsrik dərəsi nəinki Tovuz rayonunun, eləcə də ölkəmizin ən gözəl guşələrindən sayılır. Ərazini digər yerlərdən fərqləndirən xüsusiyyətlərdən biri də insanlarının çox mehriban, gülərüz və qonaqpərvər olmasıdır. Elə bu səbəbdən də dərənin yuxarı hissələrində yerləşən bir çox kəndlərdə adət etdiyimizdən fərqli olaraq qonşu evlərin, həyətlərin arasında hasar, çəpər və yaxud tor məftillər çəkilmir. Onları adətən hər iki qonşunun halallıqla istifadə etdiyi meyvə ağacları əvəz edir. Kənd sakinləri bunu bu ərazinin insanları arasında olan səmimiyyət, etibarlılıq və mehribanlıqdan irəli gəldiyini söyləyirlər.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Hacılar kənd sakini Azər Əsgərov danışıb:
“Yaşadığımız ərazi respublikamızın nadir və səfalı yerlərindəndir. Əhalisi də olduqca deyən-gülən, mehriban və qonaqpərvər insanlardır. Demək olar ki, hamısı bir-birini tanıyırlar. Bu səbəbdən də heç kəs qonşusuyla araya hasar çəkməyi, sərhəd qoymağı lazım bilmir. Nəyisə gizlədib qıfıl altda saxlamağa ehtiyac duymurlar” – deyərək məlumat verib.
Çataq kəndindən olan Cəlal Sadıqov yalnız bəzi həyətlərdə məftil tor olduğunu bildirib. Səbəbinin isə “Burda oğurluq yoxdur. Qonşuya pislik, sataşmaq yoxdur. Bəzi yerlərdə məftil torlara rast gələrsiz ki, onlar da bir qonşunun heyvanının başqasının əkin yerinə girməməsi üçün çəkilib” – deyərək izah edib.
Böyük Qışlaq kənd sakini Baba İbrahimov isə nəinki Çataq və Hacılar, eləcə də ətraf Pələkli, Böyük Qışlaq, Muncuqlu, Qoşa və digər kəndlərdə də eyni mənzərə olduğunu deyib.
“Bu kəndlərin hamısında gözəl şərait, bir-birinə ehtiram göstərmək, etibar etmək var. Bir yana gedəndə qapı bağlamırıq, ev qıfıllamırıq. Bir ay evdə olunmasa belə, qonşu qonşunun həyət-bacasına, toyuq-cücəsinə özününkü kimi baxıb qulluq edəcək. Bunu biz gözümüzü açandan belə görmüşük, uşaqlarımıza da belə olmağı aşılayırıq” – deyə bildirib.
Bu cür mənzərə bu kəndlərə gələn qonaqların da diqqətini çəkir. Şəhər və rayon yerlərində 3-4 metr hündürlüyündə daş hasar görənlər bu mənzərəni görüb təəccübünü gizlədə bilmirlər.