İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 26 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün saat 14:15-də İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng" quru-yük gəmisi Lənkəran limanı yaxınlığında qəzaya uğrayıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları batan gəmidən qəza siqnalı daxil olan kimi özlərini hadisə yerinə çatdırıblar.
Sputnik Azərbaycan-ın əməkdaşı bildirir ki, gəmidən xilas edilənlər hazırda Bakı Dəniz Limanındadırlar, onlara ilkin yardım göstərilir.
Sərhəd gözətçi gəmisinin 3-cü dərəcəli kapitanı Quliyevin sözlərinə görə, gəmi dövlət sərhədinin mühafizəsində olarkən baş komanda nəzarət mərkəzi tərəfindən İran İslam Respublikasına məxsus gəminin batma təhlükəsi ilə bağlı sos siqnalı gəmiyə daxil olub: "Dərhal Lənkəran istiqamətinə hərəkət edib, batma təhlükəsində olan gəminin 9 nəfərdən ibarət şəxsi heyətini tam şəkildə xilas etdik. Hava fırtınalı idi. Biz hava şəraiti dəyişən kimi yaxınlaşıb, onları xilas etdik. Həyəcanlı anlardı, hər şey bir ana bağlanmışdı. Hava hər an dəyişə bilərdi. Biz çox cəld hərəkət etməli idik. Amma bütün əziyyətimizə, təhlükəyə dəyərdi. Çünki biz 9 nəfərin həyatını xilas edə bildik".
Bildirək ki, xilas edilən şəxslər İranın Azərbaycandakı səfirliyinə təhvil veriləcəklər.