BAKI, 26 iyul — Sputnik. "Boeing" şirkəti "737 MAX" təyyarələrinin istehsalını müvəqqəti dayandıra bilər. Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Denis Müllenberq ikinci kvartal üçün maliyyə nəticələrinin təqdimatında bəyan edib.
"Biz, ola bilsin ki, istehsalın azaldılmasını və ya başqa variantları, o cümlədən istehsalın müvəqqəti olaraq dayandırılmasını nəzərdən keçirməli olacağıq", - Müllenberq deyib.
ABŞ və bir sıra digər ölkələr "737 MAX" təyyarələrindən istifadəni dayandırıblar. Buna səbəb kimi bu modeldən olan iki təyyarənin qəzaya uğraması göstərilir.
Martda "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsi Efiopiyanın Debre-Zeyt şəhəri yaxınlığında qəzaya uğrayıb. Faciə nəticəsində təyyarədə olan 157 nəfərin hamısı həlak olub. 2018-ci ilin oktyabrında isə İndoneziyanın "Lion Air" aviaşirkətinin "737 MAX" sərnişin təyyarəsinin Yava dənizinə düşməsi nəticəsində 189 nəfər ölüb.
Bu faciələrdən sonra aparılmış təhqiqat zamanı təyyarənin manevrləri tənzimləmə sistemində problemlərin olduğu aşkar edilib. "Boeing" hazırda bu səhvlərin aradan qaldırılması ilə məşğuldur.