Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 25 iyul — Sputnik. Şəki Xan Sarayında Xan çinarının budaqlarının qırılması nəticəsində xəsarət alan turistlər sabah xəstəxanadan qaldıqları otelə yerləşdiriləcəklər.
Bu barədə Sputnik Azərbaycan-a "City Hospital"ın direktoru Bayram Qorçiyev məlumat verib. O bildirib ki, xəstəxanaya daxil olan Sara Al Hasan, Farik Al Hasan və Samirə Al Hasanın səhhəti normaldır: "Əməliyyat olunan iki xəstəmiz Sara Al Hasan və Samirə Al Hasanın müalicəsi davam edir. Onların da səhhətində müsbətə doğru dəyişiklik var. Xəstələrin səhhətləri ilə bağlı şikayətləri yoxdur. Ona görə də biz sabah onları xəstəxanadan qaldıqları otelə yerləşdirəcəyik".
B.Qorçiyev bildirib ki, turistlərə öz ölkələrinə geri dönənə qədər ehtiyac olarsa, tibbi xidmət göstəriləcək: "Bu məsələ cənab Prezidentin xüsusi nəzarətindədir. Ona görə də turistlərə qaldıqları oteldə də tibbi baxımdan ehtiyac olarsa, yardım göstəriləcək".