İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 25 iyul — Sputnik. 2017-ci ilin mart ayında Prezident İlham Əliyev "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncam verib.
Sərəncama görə, çimərliklərin təşkil edilməsi ilə bağlı bəzi qurumlar - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, İcra hakimiyyətləri, "Azərsu" ASC və digərləri məsuliyyət daşıyır.
Keçən müddət ərzində çimərliklərin formalaşdırılması, sərəncamın qarşıya qoyduğu tədbirlərin görülməsi istiqamətində müəyyən işlər görülsə də, bu gün də nəzarətsiz çimərliklər var.
Və maraqlısı budur ki, müvafiq icra qurumlarına bu çimərliklərə nəzarət etmək tapşırılıb, lakin tapşırığa əməl edilmir.
Belə ki, çimərlik mövsümü başlayandan bu günə qədər nəzarətsiz çimərliklərdə (Bilgəh-Novxanı-Şıx) 21 nəfər bataraq dünyasını dəyişib. Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb.
Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərində çimmək qadağan edillib, amma görünən odur ki, insanlar bu qadağaya fikir vermirlər.
Müşahidələrimizə görə deyə bilərik ki, Buzovna, Mərdəkan qəsəbələrində çimərliklər bütün sahil boyu fəaliyyət göstərir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin postları var.
Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, Qaradağdan Bibiheybət qəsəbəsinə kimi bütün dəniz sahili 15-20 il əvvəl sərəncamlarla müxtəlif şirkətlərə icarəyə verilib. Şirkətlər həmin ərazilərdə istirahət obyektləri yaradıb.
Burada olan bütün istirahət mərkəzlərinin FHN-in müvafiq qurumu ilə müqaviləsi var. Bu müəssisələrdə insanların təhlükəsizliyi təmin edilir.
Onların arasında cəmi bir "heç kimə aid olmayan" yer var. Əvvəllər bu ərazi hansısa firmaya kirayəyə verilib. Kirayə götürən firma işi icra edə bilmədiyi üçün elə o vaxtdan ərazi boş qalıb. Yəni sahib çıxan tapılmayıb.
Sözügedən sahibsiz yerin təmizliyinə yerli bələdiyyə və icra qurumları baxmalıdır.
Qeyd edək ki, bütün ərazilər müvafiq icra hakimiyyətlərinin balansındadır. Çimərliklərdə FHN-in xidmət göstərməsi üçün icra hakimiyyətləri nazirliyə müraciət etməlidir. Çünki hamının nəzarətsiz dediyi, "sahibi olmayan" dediyi bütün ərazilər icra hakimiyyətinin balansındadır.
Bəs icra hakimiyyətləri niyə bu məsuliyyətini unudur?
Ötən gün Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən əraziyə baş çəkib.
Səhər saatları olmasına baxmayaraq, artıq onlarla insan çimərliyə gəlmişdi. Quba sakini Namiq Abdulovun sözlərinə görə, çimərlik pulsuz olduğu üçün buraya gəlib. Burada heç kim ondan pul istəmir. İstədiyi qədər istirahət edib, gedir: "Mən harada necə istirahət etdiyimi yaxşı bilirəm. Yəni batma təhlükəsi mənim üçün yoxdur".
N. Abdulov bildirdi ki, ərazinin çirkli olması və burada çimməyin qadağan olması ilə bağlı heç bir xəbərdarlıq yoxdur: "Kim deyə bilər ki, su çirklidir, burada çimmək olmaz? Hanı, elə bir lövhə görürsünüzmü?"
Həqiqətən də, ərazidə "çimmək qadağandır" lövhəsi yoxdur. Bununla yanaşı, məişət tullantıları urnalardan ətrafa səpələnib. Sahil çirklidir. Yaxınlıqda gəmilər görünür.
İnsanlar isə bu çimərliyə pulsuz olduğu üçün gəlirlər. Təhlükəsizlik barədə fikirləşmək heç yada düşmür.
Gördüyümüz odur ki, bu çimərlik potensial "cəhənnəm"dir, boğulan, xəstələnən olsa, zərərdidə kimdən şikayətçi olacağını da bilmir. Deyəsən, nəzarətçi qurumlar "suda boğulanların xilası boğulanların öz əlindədir" prinsipi ilə işləyirlər, yoxsa niyə ağızlarına su alıblar?