Bakı polisi vətəndaşları narahat edən məsələyə aydınlıq gətirdi

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin cərimə xəbərdarlığını vətəndaşlarımız birmənalı qarşılamadılar
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Bir müddət əvvəl Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaşlara müraciət edərək, həmin yerə gəldikdən sonra 7 gün ərzində qeydiyyata düşmələrini tövsiyyə edib.

Müraciətdə bildirilirdi ki, olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Bu, vətəndaşlar tərəfindən birmənalı qarşılanmadı və müxtəlif müzakirələrə səbəb oldu.

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevə müraciət edib.

Bakı polisi vətəndaşları narahat edən məsələyə aydınlıq gətirdi

Onun sözlərinə görə, xəbərdarlıq hamıya aiddir: "Bütün hallarda qeydiyyat zəruridir və bu heç bir evdə yaşayış yerində qeydiyyatda olmaqdan məhrum olmağı nəzərdə tutmur. Sadəcə olaraq hər bir vətəndaş hazırda daimi və ya müvəqqəti olaraq yaşadığı ünvan barədə dövləti məlumatlandırır. Bu, çox vacib tələbdir və vətəndaşlardan xahiş edirik ki, bu məsələyə ciddi və məsuliyyətli yanaşsınlar. İnsanlarda qanuni şüur formalaşdırmaq lazımdır. Bəzən kirayə götürülmüş evdə 10 nəfər yaşayır və heç kim bilmir ki, onlar məhz bu ünvanda yaşayırlar. Bu kimi hallara yol verməmək lazımdır".

Hacıyev bildirib ki, analoji məsələlər qanunla tənzimlənir. Vətəndaşların yaşayış yerində qeydiyyata alınması cinayətkarlığın qarşısının alınması və onunla mübarizə, itkin düşmüş şəxslərin və yaxınlarının axtarışı, ictimai təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi, vətəndaşların hüquqlarının qorunması və məsuliyyət hissinin artması üçün lazımdır.

Paytaxt sakinlərinin işini asanlaşdıracaq yenilik var

"Vətəndaşlar ASAN xidmət mərkəzlərindən və Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsində və ya onlayn şəkildə pulsuz qeydiyyatdan keçə bilərlər. Hər bir vətəndaş öz qeydiyyatını rəsmiləşdirməlidir ki, əlavə inzibati xəta tərkibi yaradan məsuliyyətə cəlb olunmasın", - deyə Hacıyev bildirib.

Qeyd edək ki, pasport qeydiyyat sistemi əhalinin uçotu, qeydiyyatı və daxili miqrasiya proseslərinin nizama salınması ilə bağlı olub, ictimai və dövlət təhlükəsizliyinin mühafizə edilməsinə və möhkəmlənməsinə xidmət edir.

O, cinayətlərdən xəbərdar olunması və cinayət törətmiş şəxslərin axtarışı zamanı Daxili İşlər Orqanlarının fəaliyyəti zamanı geniş istifadə olunur.

Pasport qeydiyyat sistemi Azərbaycan Respublikasında əhalinin hərəkətinin nizama salınması, vətəndaşların subyektiv hüquq və vəzifələrinin həyata keçirilməsi, ictimai qaydaların qorunması, dövlət və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri ilə təmin edilməsi qaydalarını müəyyən edən normaların məcmusunu əks etdirir.