CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

Əgər vəsait ayrılmasa, daha bir tariximiz torpaq altında məhv olacaq
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Bir neçə gün öncə KİV-də AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqlarının aşkar edilməsi barədə məlumatlar yer almışdı.

Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

Sputnik Azərbaycan-ın əməkdaşı arxeoloq Akif Quliyevlə birlikdə Şamaxı rayonun Qaleybuğurd kəndində olub, aşkar edilmiş məscidlə bağlı məlumatlar alıb.

Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən, abidə uzun müddət nəzarətdən uzaq qalıb. Abidə tarixən yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.

A. Quliyev deyir ki, mənbələrin məlumatına görə, İslam peyğəmbəri Məhəmmədin əshabələrindən olan Təmim əd-Darinin məzarı da Qaleybuğurd qəbiristanlığında yerləşir.

Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

"Deyilənə görə, 628-ci ildə Fələstindən gəlmiş bir rahib peyğəmbərlə görüşür. Bu görüşdən sonra o, İslam dinini qəbul edir və peyğəmbərin ən yaxın silahdaşına çevrilir. Bundan sonra həmin şəxs Mədinə şəhərinə köçərək orada məskunlaşır. Peyğəmbər öldükdən sonra isə Raşidi xəlifələri dövründə tanınmış din xadiminə çevrilir. 652-ci ildə Hevron canişini təyin edilir və ömrünün axırına kimi xəlifənin canişini vəzifəsində çalışır. 662-ci ildə dünyasını dəyişir və Hevronda dəfn edilir. Həmin şəxs Təmim əd-Dari olub. Amma indi başqa məqam ortaya çıxıb. Kənd sakinləri iddia edirlər ki, Şamaxıdakı bu məzar Təmim əd-Darinindir və o, Şirvana gələrək İslam dininin yayılması ilə məşğul olub. Deyilənlərə görə, onun çox sayda müridləri də olub. Düzdür, Qaleybuğurd kəndində olan bu məzarın Təmim əd-Dariyə aid olduğu deyilsə də, biz mənbələrdə onun Şirvanda olmasına rast gəlməmişik" – deyə arxeoloq vurğulayır.

Qeyd edək ki, məscid məzardan bir qədər kənarda aşkarlanıb. Məscid qədim məsciddir.

"Mənə elə gəlir ki, məscid kompleksi üzərində araşdırmalar aparılsa, onun dəqiq ərazisi gözümüz önündə canlanacaq və onun ərazisinin dəqiq necə olması bizə məlum olacaq" – deyə A. Quliyev əlavə edib.

Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

Məscidin üzərində yerli sakinlər tərəfindən məzarlar salınıb. Yəqin ki, gələcəkdə tədqiqatlar aparılarkən bu məzarların da qalması və ya köçürülməsi haqqında da rəy veriləcək.

Qeyd edək ki, Təmim əd-Dari haqqında məlumatlar VII əsrə aiddir. Amma yeni aşkar edilən məscidin hansı əsrə aid olması araşdırmalardan sonra müəyyən ediləcək.

A.Quliyevin sözlərinə görə, kənddə Şirvanşahlar dövrünə aid möhtəşəm Buğurd qalası yerləşir. Arxeoloq hesab edir ki, aşkarlanmış məscid qalıqları ilə tikililər arasında hansısa əlaqələr ola bilər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, o dəfələrlə Qaleybuğurd kəndində abidələrin olması barədə məlumat verib.

Köhnə məscid və məzar – Peyğəmbərin silahdaşı, yoxsa mif

"Kənd sakinləri iddia edir ki, Təmim əd-Darinin nəslinin nümayəndələri hələ də kənddə yaşayır. Deyilənə görə, bu məscidin içində əvvəllər kitabələr olub. Amma indi artıq onlar yoxdur, məhv olub. Dəfələrlə bu məscidə baxış keçirmişik. Hazırda məscidi kol-kos basıb. Təmizlənib, arxeoloji qazıntılar aparıldıqdan sonra məscid haqqında ətraflı məlumat verə biləcəyik" – deyə Yasin Nuriyev əlavə edib.

Onun sözlərinə görə, abidə yeni aşkar olunduğu üçün hələ qeydiyyata alınmayıb və bu səbəbdən də hələlik heç bir iş görülməyib. Sadəcə belə bir abidənin aşkarlandığı məlumdur və abidə nəzarət altındadır.

Qeyd edək ki, Təmim əd-Dariyə aid olduğu iddia edilən məzarın üzərində tarixçiləri və epiqrafçıları maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növləri ilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər yer alıb.

Abidə yaz aylarında müəyyən edilib. İndi həmin ərazilərdə ağaclar, kol-kos və ot olsa da, diqqətlə baxanda qəbiristanlıq ərazisində böyük bir məscidin olduğu və zamanla aşınmaya uğrayaraq, torpaq altında qaldığını görmək mümkündür.

Peyğəmbərin silahdaşı sayılan Təmim əd-Dariyə aid olub-olmamasından asılı olmayaraq, Azərbaycanda orta əsrlərə aid unikal abidə tapılıb. İndi onun yaşadılması, araşdırılması və ən sonda kimə aid olmasını üzə çıxarmaq üçün vəsait lazımdır. Əks halda, daha bir tariximiz otların, torpağın altında itib məhv ola bilər.