Qırğızıstan-Tacikistan sərhədində yeni gərginlik, qumbaralar işə düşdü

Hazırda maarifləndirici iş aparılır, Ak-Say kəndində vəziyyət nisbətən sabitdir
Sputnik

BAKI, 24 iyul — Sputnik. Batken vilayətində, Qırğızıstan – Tacikistan sərhədində milislər qanunu pozan qırğızlara qarşı işıq-səs qumbarası tətbiq edib. Bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyinə istinadən Sputnik Qırğızıstan xəbər verir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, iyulun 24 yerli saatla 06:00-da Ak-Say kəndinin sakinləri İsfara –Vorux yoluna çınqıl tökməklə bu şosesini bağlamaq istəyib. Milis əməkdaşları onlardan qanunu pozmamağı tələb edib. Lakin kənd sakinləri bundan sonra onlara daş atmağa başlayıb. Nəticədə dörd milis əməkdaşı xəsarət alıb. Bundan sonra işıq-səs qumbaraları tətbiq olunub.

Nazirlikdən qeyd olunub ki, hazırda maarifləndirici iş aparılır, Ak-Say kəndində vəziyyət nisbətən sabitdir.

Qeyd edək ki, bazar ertəsi axşam saatlarında Qırğızıstan – Tacikistan sərhədində silahın tətbiqi ilə münaqişə baş verib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Voruh kəndinin (Tacikistan Respublikası) sakinləri yaşayış məntəqəsinin girişində bayraq dirəyi quraşdırmaq istəyiblər. Buna isə Ak-Say (Qırğızıstan Respublikası) kəndinin sakinləri etiraz ediblər. Söz mübahisəsindən sonra tərəflərdən biri silah tətbiq edib. Qırğızıstan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, atəşi mülki şəxslər aça bilərlər. Çünki atəş ov tüfəngindən açılıb. İlkin olaraq insident nəticəsində 5 nəfərin yaralandığı bildirilsə də, sonradan onların sayı 14-ə çatıb.

Ötən gün isə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Tacikistan tərəfindən atəş açılıb. Nəticədə Qırğızıstan sərhədçisi yaralanıb. Qurum bölgədə vəziyyətin nisbətən sabit olduğunu bildirib.