BAKI, 23 iyul — Sputnik. Rəsmi Kabil ABŞ Prezidenti Donald Trampın Əfqanıstanla bağlı bəyanatına etirazını bildirib.
Xatırladaq ki, Pakistanın Baş Naziri İmran Xanla keçirdiyi görüşündə Tramp bəyan edib ki, ABŞ istəsəydi, Əfqanıstanı bir neçə gün ərzində "yer üzündən silə bilərdi".
"Əfqanıstanda müharibə aparmaq və qələbə çalmaq istəsəydik, mən o müharibəni bir həftəyə qazanardım. Mən sadəcə 10 milyon adamı öldürmək istəmirəm", - Tramp deyib.
Sputnik-in xəbərinə görə, əfqan tərəfi bu bəyanatı şərh edərkən bildirib ki, onlar ABŞ prezidentinin Əfqanıstanın yer üzündən silinməsinə dair sözlərinə aydınlıq gətirilməsini tələb edəcəklər.
"Əfqan milləti heç bir xarici qüvvəyə onun taleyini həll etməyə icazə verməyib və verməyəcək", - Əfqanıstan prezidentinin sarayı yaydığı bəyanatında vurğulayıb.