CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhərin mərkəzində heyvanların qanı axıdılır...

Qanlı balta yerdə qalıb, heyvan cəsədi isə yerə sərilib
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Hazırda Qida Təhlükəsizliyi Agentliyi heyvan mənşəli qida məhsullarının istifadəsinin qida zəncirinin yüksək risk dərəcəsinə malik olduğunu nəzərə alaraq, ət kəsimi məntəqələrinin ən yüksək standartlara cavab verməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Lakin buna baxmayaraq, bəzi ünvanlardakı mərkəzləşdirilmiş ət kəsimi məntəqələrində antisanitar və nəzarətsiz vəziyyət hökm sürür. Sumqayıtın 41-ci kvartalının yaxınlığındakı ət kəsimi məntəqəsində yaranan mənzərə də hər kəsi dəhşətə gətirir.

Şəhərin mərkəzində heyvanların qanı axıdılır...

Sputnik Azərbaycan-a şikayət edən Fadil Paşayev deyir ki, qeyd olunan ərazidə nəinki səliqə-sahman yaradılıb, əksinə, sanitar-gigiyenik tələblər də kobud şəkildə pozulur: "Kəskin üfunət, heyvanların bir-birinin gözləri önündə kəsilməsi, heç bir laborator müayinə aparılmadan həkim möhürünün vurulması, məntəqənin vaxtaşırı təmizlənməməsi “murdarxana” təsiri bağışlayır. Müşahidələrə əsasən deyə bilərəm ki, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq müayinələrindən də keçmir. Məntəqədə müvafiq baytarlıq, sanitar-ekspertiza laboratoriyaları təşkil olunsa da, fəaliyyəti yox dərəcəsindədir. Nəhayət, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır ki, bu qaydalara da ciddi şəkildə riayət olunmur".

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, hər gün Bakı və regionlarda onlarla bu cür kəsim yerlərinin fəaliyyəti məhdudlaşdırılır. Sumqayıtda da reydlər davamlı həyata keçirilir. Artıq bu məsələ ilə bağlı qeyd olunan ünvan barədə məlumat aidiyyəti orqana göndərilib.

P.S. Fotolarda son dərəcə acınacaqlı və dəhşətli görüntülər olduğu, eləcə də bir çox insanların psixi durumuna təsir edə biləcəyini nəzərə alaraq, dərc etməmək qərarına gəldik!