"Hərbi sürprizlər" gözlənilir – Ermənistan müdafiə naziri yeni silahlardan danışdı

"Deyə bilərəm ki, "Tor" olduqca maraqlı silahdır"
Sputnik

BAKI, 22 iyul — Sputnik. Ermənistan gözləyir ki, bu ilin sonu və ya gələn ilin əvvəlində Rusiyadan "Su-30 SM" qırıcılarının tədarükü başlayacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsurun Ovannisyan Sputnik Ermənistana bildirmişdi ki, Ermənistan Müdafiə Nazirliyi həm nağd pul, həm də kredit vasitəsi ilə dörd ədəd Rusiya istehsalı "Su-30 SM" qırıcısı alıb. Bir "Su-30 SM" qırıcısının (silahsız) dəyəri təxminən 22 milyon dollardır.

Ermənistanda hərbçi öldü – Müəmmalı şəkildə

"Biz istehsalçı tərəfindən ilin sonuna qədər və ya gələn ilin əvvəlində öz öhdəliklərinin yerinə yetirilməsini gözləyirik", - deyə müdafiə naziri qeyd edib.

Digər silahların tədarükü ilə bağlı sualı cavablandıran nazir vurğulayıb ki, hələlik bir çox təfərrüatları açıqlaya bilməz, lakin "hərbi sürprizlər" gözlənilir.

Sputnik Ermənistan-ın müxbirinin "Tor" yeni zenit-raket komplekslərinin silahlanmağa daxil olub-olmaması ilə bağlı sualını nazir belə cavablandırıb: "Deyə bilərəm ki, "Tor" olduqca maraqlı silahdır. Bizim müvafiq gözləntilərimiz var".