CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladınızın çəkisi az, boyu da alçaqdırsa... - Pediatr xəbərdar etdi

Övladınızın problüminin qarşısını vaxtında alın, sonra gec ola bilər
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 21 iyul — Sputnik. Bu gün dünyada artıq çəki ilə yanaşı çəkisizlik də böyük problemə çevrilib. Bu problem xüsusən də uşaqlar arasında geniş yayılıb. Maraqlıdır, bəs, buna səbəb olan amillər hansılardır?

"Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar" – MÜSAHİBƏ

Bu barədə Sputnik Azərbaycan-a danışan pediatr Aytən İsmayılzadə uşaqların çəkisizliyinə səbəb olan amilləri sadalayıb: "Çəkisizlik normal olsaydı, o zaman "az çəkili" "fiziki inkişaf geriliyi”, "hipotrofiya" kimi sözlərdən istifadə edilməzdi. Təəssüflər olsun ki, bu gün kimlərsə qablara palma yağı doldurub uşaqlara sırıyır, kimisi azyaşlılara siqaret satır, hansısa həkim isə uşaq inkişafına nəzarətə laqeyd yanaşaraq başından edir. Bələliklə də nəslimiz cılızlaşır”.

“Uşağınızın çəkisi az, boyu alçaqdırsa, "düzələr" deyib, gözləməyin. Səbəbini araşdırın. Çünki ola bilər ki, övladınız kistoz-fibroz xəstəsidir. Biz valideyndən uşağın necə olduğunu soruşduqda, o əlbəttə ki, ya yaxşıdır, ya da pisdir, deyə cavab verəcək. Valideyn deməyəcək ki, övladım artıq çəkilidir, yaxud da, inkişaf geriliyi var. Valideynlər bu məsələləri yalnız həkimlərlə görüşdə müzakirə edirlər. O səbəbdən də sahə həkimləri ilə görüşləri təxirə salmamaq lazımdır. Çünki “o savadlı həkimdir”, “bu uzman həkimdir” deyib axtarışa çıxınca övladınız ortalıqda qalır. Hər ay özəl klinikaya yoxlanışa gedə bilmirsizsə, qeydiyyatda olduğunuz poliklinikaya gedin. Əgər həkim uşağınızın çəkisinin hər ay eyni qaldığını, gerilədiyini müşahidə edəcəksə, bunun üçün mütləq tədbir görəcək” – deyə pediatr əlavə edib.

Aytən İsmayılzadə müxtəlif aylara və yaşlara görə çəki norması haqda da məlumat verib: “Bir yaşadək olan körpələrin çəkisi ilk üç ayda 800 qram, 4-6 ayda 600-700 qram, 7-9 ayda 400 qram, 10-12 ayda 320 qram, 13-18 ayda 250 qram, 19-24 ayda 200 qram artır. Bu hesabla deyə bilərik ki, 5 yaşlı uşağın çəki norması 18-20 kiloqram olmalıdır. Yaşı 5-dən yuxarı olan uşaqların çəkisi isə hər il 2-3 kiloqram artmalıdır”.

Mastopatiya xəstəlik deyil – Həkim-mammoloq qadınlara müraciət etdi

A.İsmayılzadə uşaqların boy artımından da danışıb: “Boy artımı ən çox ana bətnində ikən sürətlə artır – hər ay 5 sm. Doğuşdan sonrakı boy artımı isə ləng gedir. Bir yaşa qədər olan ilk üç ayda boy artımı 9-10 sm, sonrakı üç ayda 6-7 sm, növbəti üç ayda isə 4-5 sm olur. Sonuncu üç ayda isə bu artım 3-4 sm olur. Körpələr üçün 1 yaşa olan orta boy 75 sm-dir. Uşaqların boyunun hər üç aydan bir yoxlanılması məqsədəuyğundur. Sonrakı illərdə, yəni 1-2 yaşda uşaqların boyu 12 sm, 2-3 yaşda 10 sm, 3-4 yaşda 7 sm, 5 yaşdan sonra isə 5 sm olmaqla artır”.

A.İsmayılzadə qeyd edir ki, valideynlər övladlarının boyunun gələcəkdə nə qədər olmasını isə təxmini düsturla hesablaya bilərlər. Pediatr həmin düsturla bağlı da danışıb: “Övladınız oğlansa, o zaman ata və ananın boyunun ümumi rəqəmi cəmlənir. Əldə edilən nəticənin üzərinə 13 rəqəmi əlavə olunur və ikiyə bölünür. Övladınızı qızsa, o zaman ümumi nəticədən 13 rəqəmi çıxılır. Daha sonra isə əldə olunan rəqəm ikiyə bölünür. Əlbəttə bu şərtidir. Çünki bəzən müxtəlif təsirlərdən boy qısa qala bilər. Boy qısalığına təsir edən amillərdən biri də şüalanmadır. O səbəbdən də yatarkən telefonu övladınızın baş nahiyəsinə yaxın bir yerə qoymayın. Bundan başqa, uşaqda cinsi inkişaf da tez baş verərsə, bu zaman da boy alçaq qalır. Amma narahat olmayın, əlbəttə ki, bunun da müalicəsi var”.