Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 21 iyul - Sputnik. Bərdənin “Köhnə bazar” adlanan ərazisində ötən gecə saat 03:00 radələrində baş verən yanğın qısa müddətdə genişlənərək bir neçə dükanı əhatə edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, ən azı 12 mağaza yanaraq külə dönüb.
Yanğın nəticəsində 1 qalayçı, 5 mebel dükanı yanıb. Bundan əlavə, məişət avadanlıqları satılan daha bir neçə dükan da külə dönüb. İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub.
Amma qısaqapanma versiyasını hamı qəbul eləmir. Qalayçı Ələkbər usta iddia edir ki, yanğın qəsddən törədilib. Qısaqapanma ehtimalını qəbul etməyən qalayçı bildirib ki, mağazaların hamısında sayğac olduğuna görə, qısaqapanma zamanı avtomatik aralanma baş verməli idi.
Sahibkarlar onu da iddia edirlər ki, yanğının nəticələrinin ağır olmasına səbəb olan amillərdən biri də Bərdə Elektrik Şəbəkəsinin elektrik enerjisinin verilməsini vaxtında dayandırmamasıdır. Çünki FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə yetişsələr də elektrik enerjisinin söndürülməməsinə görə işə başlaya bilməyiblər. Bərdə Elektrik Şəbəkəsinə enerjinin dayandırılması baradə məlumat verilsə də, elektrik xəttinin açılması 30 dəqiqədən sonra təmin edilib.
Sahibkarlar hadisənin baş vermə səbəbinə ekspertlərin araşdırmaları nəticəsində aydınlıq gətiriləcəyini bildiriblər.
Niyazi adlı sahibkarın bildirdiyinə görə, mağazalara dəyən ziyan bir neçə yüz min manat təşkil edir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev zərərçəkmiş sahibkarlarla görüşüb. İcra başçısı sahibkarlara dəyən ziyanın müəyyən edilməsi üçün komissiya yaradılması barədə göstəriş verib. İcra aparatı, bələdiyyə, hüquq mühafizə orqanları rəhbərlərindən ibarət komissiya sahibkarlara dəyən ziyanı müəyyənləşdirməli, hadisənin başvermə səbəblərini aydınlaşdırmalıdır.
Yanğın hadisəsi ilə bağlı hazırda araşdırma aparılır.