CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ganjlik Mall" və Nərimanov metrosunun ətrafı təmizləndi

Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları və jurnalistlərin iştirakı ilə Nərimanov rayonu ərazisində reyd keçirilib.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Bu gün Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları və jurnalistlərin iştirakı ilə Nərimanov rayonu ərazisində profilaktik tədbirlər keçirilib.

"Ganjlik Mall" və Nərimanov metrosunun ətrafı təmizləndi

Sputnik Azərbaycan-ın tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, Nərimanov rayonu üzrə keçirilən reydlər əsasən "Ganjlik Mall" Ticarət Mərkəzinin qarşısını və Nərimanov metrosunun ətrafını əhatə edib.

Reydə "Ganjlik Mall"un qarşısından başlanılıb.

Burada dayanma-durma qadağan edilsə də, hər gün bu qayda taksi sürücüləri və sıravi vətəndaşlar tərəfindən kobud şəkildə pozulur. Günün müəyyən vaxtlarında bu ərazidə sıx tıxac olur və yol keçilməz vəziyyət alır. Ticarət mərkəzinin qarşısında hər gün davam edən bu sıxlıq paytaxt sakinlərini narahat edən məsələlərdən birinə çevrilib.

"Ganjlik Mall" və Nərimanov metrosunun ətrafı təmizləndi

Qeyd edək ki, sözügedən ərazidə nəqliyyatın sıxlığının, avtomobillərin qanunsuz şəkildə park edilməsinin qarşısının alınması məsələsi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) məşğul olmalıdır. Qurum isə əraziyə nəzarət kameraları yerləşdirmək və qayda pozan sürücülərə cərimə tətbiq etməklə məsələni bitmiş hesab edir. Bu gün isə BNA əməkdaşları "Ganjlik Mall"un qarşısına reyd başlayandan bir müddət sonra yaxınlaşıb.

DYP və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dayanma-durma qaydasını pozan sürücülərlə maarifləndirici söhbətlər edərək, ərazidə avtomobil saxlamağın verə biləcəyi zərərlərdən söz açıblar. Eyni zamanda sürücülərə onların qaydaları pozmasının digər vətəndaşların hüququnu necə pozduğunu izah ediblər.

"Ganjlik Mall" və Nərimanov metrosunun ətrafı təmizləndi

Qeyd edək ki, reyd əsnasında ərazi boşaldılıb və digər avtomobillərin rahat hərəkət etməsi üçün şərait yaradılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, reydlərin keçirilməsində əsas məqsəd vətəndaşları cərimə etmək, onların qayda pozuntularını protokollaşdırmaq deyil, onlara tövsiyələr vermək və pozduqları qaydaların verdiyi zərərləri izah etməkdir: "Gördüyünüz kimi ərazidə sürücülər dayanma-durma qaydasını pozur. Burada avtomobil saxlamaq qadağandır. Bu, avtobusların fəaliyyətinə də təsir göstərir. Ərazidə dayanma–durma qaydasını pozmaq avtobus sürücülərinin maşını yolun 2-3–cü xəttində saxlamasına səbəb olur və sıxlıq yaranır. Sıxlığın qarşısını almaq məqsədilə sürücülərə vəziyyət izah edildi".

Reyd başlayandan bir neçə dəqiqə sonra "Ganjlik Mall"un qarşısında qanunsuz park edilmiş bütün avtomobillər sahibləri tərəfindən götürülüb.

"Ganjlik Mall" və Nərimanov metrosunun ətrafı təmizləndi

Ticarət Mərkəzinin qarşısında dayanma-durma qaydasını pozan sürücülərin bəzisi polis əməkdaşlarını görən kimi uzaqlaşmağa cəhd edir, bəzisi isə polislə mübahisə etməyə çalışırdı.

Reyd əsnasında Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları piyadalar üçün nəzərdə tutulmayan yolun hərəkət hissəsindən keçən piyadalara yaxınlaşır və onlara yolu bu şəkildə keçməyin onların həyatı və hərəkətin intensivliyi üçün təhlükəli olduğunu izah edirdi.

Reydlər daha sonra Nərimanov metrosu yaxınlığında davam etdirildi. Burada da qayda pozan sürücü və piyadalara tövsiyyələr verildi.

Qeyd edək ki, Nərimanov metrosunun yaxınlığındakı parkın qarşısında da çox zaman avtomobillər 2-3-cü zolaqları "işğal edir" və digər avtomobillərin hərəkətinə problem yaradırlar.

Reyd zamanı yaxınlaşdığımız sürücülərin əksəriyyəti demək olar ki, dayanma-durma qaydasını pozduğunun fərqində olmadığını dilə gətirirdi.

Rayon ərazisində avtomobillərin piyada keçidlərinin və səkilərin üzərində saxlanılması hallarına da çox rast gəlinir. Polis əməkdaşları piyadalar üçün nəzərdə tutulmuş keçid və səkilərdə olan avtomobillərin götürülməsi üçün sürücülərə xəbərdarlıq etdi və avtomobillər həmin ərazilərdən götürüldü.