Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 19 iyul — Sputnik. Gürcüstan turizmdən əldə etdiyi gəlirlərlə Cənubi Qafqazda öz liderliyini qoruyub saxlamaqdadır. Məlumatlara görə, bu ölkənin 2019-cu ilin ilk 6 ayı ərzində beynəlxalq turizmdən gələn gəlirləri 1,5 milyard dollar olub. Bu isə Gürcüstanın illik dövlət büdcəsinin təqribən 1/3-ni təşkil edir.
Qonşu Gürcüstanda turizmin sürətlə inkişafı, hətta büdcəsinin bir hissəsini bu sahədən gələn gəlirlər hesabına formalaşdırması turizm potensialı olan digər ölkələr üçün bir nümunə ola bilər. Elə Azərbaycan üçün də...
Öz turizm imkanlarına görə Gürcüstandan heç də geri qalmayan Azərbaycanda son illər turizmin inkişafı istiqamətində işlər görülsə də, hələ ki büdcəmizin bir hissəsini turizmdən əldə edilən vəsait hesabına formalaşdırmaq mümkün olmayıb. Turizm üzrə ekspertlər də Azərbaycanda xarici turizmdən əldə edilən gəlirlərin artması üçün görüləcək çox iş olduğunu söyləyirlər.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Gürcüstanın turizm sahəsində əldə etdiyi gəlirlərin ildən-ilə artmasının kökündə uğurlu turizm siyasəti dayanır: "Gürcüstanda turizm siyasətinə cavabdeh olan qurumlar bu işə çox böyük məsuliyyətlə yanaşırlar. Bunun sayəsində də vətəndaşları turizm səyahətinə üstünlük verən Rusiya, Ukrayna kimi ölkələr, demək olar ki, hər il seçimi Gürcüstan üzərində saxlayır. Hətta Azərbaycandan da bu ölkəyə turist axını var. Bunun səbəbi Gürcüstanda kütləvi turizmin inkişafıdır. Müxtəlif ölkələrdən Gürcüstana üz tutan turistlər üçün burada sərfəli istirahət imkanları yaradılıb.
Sual verdiniz ki, Azərbaycanın turizm potensialı Gürcüstandan geri qalmadığı halda, turizmdən əldə etdiyi gəlirləri niyə bu ölkə ilə müqayisədə azdır? Bunun çox sadə bir cavabı var.
Azərbaycanda indiyədək konqres turizminə üstünlük verilirdi. Yəni ancaq bahalı turizm inkişaf etdirilirdi. Halbuki turizmdən gələn gəlirləri artırmağın əsas yolu büdcə turizmini inkişaf etdirməkdən keçir. Gürcüstan buna nail olub. Azərbaycanın isə potensialı olmasına baxmayaraq, turizmin əsas növü olan çimərlik turizmini hələ də inkişaf etdirə bilməyib. Bu gün Rusiyadan, Belarusdan, eləcə də digər MDB ölkələrindən Gürcüstana axının səbəbi bu ölkədə turizmin bütün növlərinin, eləcə də çimərlik turizminin inkişafı və sərfəli olmasıdır.
Türkiyə də bu mənada örnək çəkilməlidir. Türkiyənin Antalya və digər yerlərində çimərlik turizmi "mavi bayraq" ala bilib. Ona görə də Rusiyadan olan turistlərin çoxu yay fəslində bu ölkəyə axışır. Azərbaycanın isə Xəzər dənizi kimi sərvəti olmasına baxmayaraq çimərlik turizmi nə "mavi bayraq" alıb, nə də orta səviyyədə inkişaf edib. Bir ölkədə kütləvi turizmi inkişaf etdirən əsas turizm növü isə çimərlik turizmidir ki, biz də bu sahədə hələ geri qalırıq".
M.Ağakərimov deyir ki, Azərbaycanın turizmdən əldə etdiyi gəlirlər ancaq idman oyunları keçirildiyi vaxtda artır: "Biz turizmdən əldə etdiyimiz gəlirləri artırmaq istəyiriksə, mütləq kütləvi turizm növü olan çimərlik turizmini inkişaf etdirməliyik. Bu iş dənizin sahilində bir neçə istirahət obyekti açmaqla məhdudlaşmır. Dənizin suyu təmizlənməli, çimərliklərə yaxın ərazidə çoxulduzlu otellərlə yanaşı, azulduzlu otellər inşa edilməli, qiymət xidmət səviyyəsinə uyğun olmalıdır və sairə. Çox təəssüf ki, Prezidentin imzaladığı sərəncam və tədbirlər planlarına rəğmən bizdə turizmin kütləvi növü olan çimərlik turizmi inkişaf etmir".
Qeyd edək ki, 2018-ci ildə Gürcüstana gedən hər beş turistdən biri (21%) rusiyalı olub. May ayında Gürcüstana 172,2 min rusiyalı səfər edib. İyun ayında səfər edənlərin sayı isə bundan 152 min nəfər çox olub. Nəticədə ruslar Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri tutublar. Gürcüstanın Milli Turizm İdarəsinin rəhbəri Mariam Kvirişvili bildirib ki, 2019-cu ilin altı ayı ərzində ölkəni 700 min rusiyalı ziyarət edib. Məlum hadisələrə qədər il ərzində 2,7 milyon Rusiya vətəndaşının Gürcüstana turist səfəri edəcəyi gözlənilirdi. Kvirişvilinin sözlərinə görə, 2019-cu ilin sonuna qədər Gürcüstan bir milyon rusiyalı turist itirəcək ki, bu da təqribən 710 milyon dollar vəsaitin itirilməsi deməkdir.
M.Ağakərimov Gürcüstana Rusiyadan turist axınının bu iki ölkə arasında olan münasibətlərlə çox əlaqəli olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan çimərlik turizmini inkişaf etdirsə, çox rahatlıqla Rusiya, Belarus, Ukrayna kimi ölkələrdən Gürcüstana gedən turistləri özünə cəlb edə bilər:
"Bunun üçün isə yenə də mütləq Azərbaycanda otellərin sayı artırılmalıdır. Təcrübə göstərir ki, ölkəmizdə beynəlxalq səviyyəli idman oyunları olanda otellərin hamısı dolur. Ona görə də turizmin inkişafı üçün otellərin sayının, xüsusilə büdcə otellərinin sayının artırılması vacibdir".
Statistik rəqəmlər sübut edir ki, Azərbaycan da Gürcüstana ən çox turist göndərən ölkələr sırasındadır. Təkcə ötən ilin 9 ayı ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı 4 milyon 14,6 min nəfər olub.
M.Ağakərimov bildirir ki, Azərbaycan vətəndaşlarını Gürcüstana cəlb edən də bu ölkədə kütləvi turizmin inkişaf etməsi, qiymətlərin münasib olmasıdır.
Dövlət Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə bildirilir ki, Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 mln-a çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 mln xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5% çox qonaq deməkdir. Gələnlərin böyük hissəsini 29.4%-lə Rusiya (414 min), digər böyük hissəsini isə 24.3%-lə Gürcüstan (342 min) vətəndaşları təşkil edib. Gürcüstan üzrə artım 22.8% və ya 64 min nəfər olub.
Azərbaycanın turizm siyasətini həyata keçirən rəsmi qurumu inkişafın olduğunu desə də, nədənsə hələ özümüz belə tozlu meqapolisin narahatlıqlarından uzaqlaşaraq kiçik dağlıq ölkə olan Gürcüstanda istirahət etməyə can atırıq.