BAKI, 19 iyul — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Gününə həsr olunmuş "Qadın və Uşaq Hüquqları Media Müstəvisində" mövzusunda konfrans keçirilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova milli mətbuatın yaranma tarixindən danışaraq hazırkı dövrdə medianın cəmiyyətdəki rolu və faydasından söz açıb. O bildirib ki, komitə tərəfindən aparılan maarifləndirmə işlərinin uğurla nəticələnməsində medianın rolu danılmazdır.
Daha sonra çıxış edən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstək Fondunun (KIVDF) rəhbəri Vüqar Səfərli medianın müstəqilliyədək olan fəaliyyətindən söz açıb: "Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycan mətbuatında fikir azadlığı yox idi. O dövrədək mediaya basqı var idi. 1998-ci ildə senzuranın ləğv olunması ilə Azərbaycan mediası azad oldu".
V.Səfərli daha sonra KİVDF-nin fəaliyyətindən danışaraq jurnalistlər üçün tikilən evlər haqda da məlumat verib: "Növbəti ildə, elə media günündə jurnalistlər üçün nəzərdə tutulan yeni binada mənzillər təqdim olunacaq.
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov isə Azərbaycan mətbuatının banisi olan Həsən bəy Zərdabinin fəaliyyətindən danışıb. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov isə Həsən bəy Zərdabi və onun banisi olduğu "Əkinçi" qəzetinin cəmiyyətə verdiyi töhfələrdən söz açıb.
Nazirlər Kabinetinin ictimai-siyasi məsələlər üzrə baş məsləhətçisi Abid Tahirli isə mediada yer alan bəzi xəbərlərə münasibət bildirib: "Bəzi saytlar xəbər naminə intiharla bağlı məlumatlar yayır. Lakin bu məlumatın sonunda mütləq qeyd olunmalıdır ki, intihar çıxış yolu deyil. Həmçinin belə bir məlumatın sonunda bir psixoloq fikri də əksini tapmalıdır. Hansı ki, psixoloqun bu keçici stresdir deməsi intihara cəhd etmək istəyənləri də fikrindən yayındırmış olacaq".
Sonda jurnalistlərə mükafatlar təqdim olundu.