BAKI, 19 iyul — Sputnik. Türkiyənin ABŞ və NATO ilə münasibətlərində gərginlik yaratmış "S-400" müqaviləsindən sonra Ankara və Moskva hərbi əməkdaşlıq sahəsində yeni sazişə imza ata bilərlər. Belə ki, Sputnik-in verdiyi məlumata əsasən, iyulun 18-də Rusiya dövlət korporasiyası "Rostex"in rəhbəri Sergey Çemezov "Su-35" döyüş təyyarələrinin Türkiyəyə tədarükünə dair müqavilə imzalana biləcəyini deyib.
"Türkiyəli həmkarlarımız arzulasalar, biz "Su-35" döyüş təyyarələrinin tədarükü üzərində işləməyə hazırıq", - Çemezov deyib.
Bir müddət öncə Çemezov bildirib ki, Ankara "F-35" proqramından çıxsa, Rusiya "Su-57" döyüş təyyarələrini Türkiyəyə sata bilər.
"Suxoy Su-35" (NATO adı: Flanker-E) çoxyönümlü döyüş təyyarəsi "Su-27" təyyarəsinin təkmilləşdirilmiş törəmə versiyasıdır.
Xatırladaq ki, ötən gün rəsmi Vaşinqton Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü ilə bağlı Ankaranın "F-35" proqramından çıxarılmasına dair qərar qəbul edib.
Ağ Ev vurğulayıb ki, Ankara tərəfindən bu zenit-raket komplekslərin alınması ən yeni ABŞ qırıcılarının tədarükü ilə uyğunsuzluq təşkil edir.